...

Polis İran səfirliyi qarşısında etiraz edənləri sərbəst buraxıb

Hadisə Materials 22 Avqust 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirən Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 11 üzvü izahat alındıqdan sonra buraxılıb. Bu barədə çərşənbə günü AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

DAK və AMİP çərşənbə günü İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Onlar İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfərinə etiraz edirlər.

Saat 12.00 radələrində piketçilər İran səfirliyinə doğru hərəkət etməyə cəhd göstəriblər. Lakin Çevik Polis Alayının əməkdaşları səfirliyin yaxınlığında aksiyaçıların qarşısını kəsərək onların piket keçirməsinə imkan verməyiblər. Bir neçə nəfər aksiyaçı polislər tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən bildiriblər ki, saxlanılan aksiyaçılar dindirilib və şəxsiyyətləri müəyyənləşdirildikdən sonra sərbəst buraxılıblar.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon azərbaycanlı yaşayır. Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları öz fəaliyyətlərində Güney Azərbaycana yer ayırır, orada insan haqlarının pozulmasına görə İran hakimiyyətini tənqid edirlər.

Xəbər lenti

Xəbər lenti