Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Britaniyanın Oksfordşir şəhərinin sakini özünün yeni doğulmuş oğlunu qucaqlaya bilmir. Belə ki, hətta ən kiçik toxunma uşaqda dözülməz ağrılar yaradır. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Britaniyanın "Daily Mail" qəzetinə istinadən xəbər verir.
Bulez epidermolizdən, yaxud "kəpənək sindromu"ndan əziyyət çəkən xəstələrdə dəri həddindən artıq zərif olur. Odur ki, balaca Entoninin bədəni istənilən hər hansı toxunuş nəticəsində ağrılı suluqlar və yaralarla örtülür. Eyni zamanda, üç aylıq britaniyalı çox həssas qida borusuna malikdir, boğazında və göz qapaqlarında isə daim qıcıqlanma əmələ gəlir.
"Oğlumu qucaqlaya bilməməyim ürəyimi parçalayır", - "Daily Mail" dərd çəkən anadan sitat gətirir. Hər altı saatdan bir ana oğluna ağrı hiss etməməsi üçün həblər verir. Lakin bu hələ ən dəhşətlisi deyil. Həkimlər uşağın daha yuxarı yaşlarda dəri xərçənginə mübtəla olması ehtimalının yüksək olduğunu bildirirlər. Tibb işçilərinin sözlərinə görə, Entoni öz xəstəliyi ucbatından maksimum 30 yaşınadək yaşaya bilər.
Hazırda körpənin valideynləri Danirla və Riçard Brayn övladlarının müalicəsi üçün vəsait axtarırlar. Onlar indiyə qədər təxminən min funt toplaya biliblər. Bundan başqa, gənc valideynlərin beş yaşında daha bir övladları var. Öz xəstə qardaşına ziyan vurmaması üçün daim Şeynə də nəzarət etmək lazımdır.
Qeyd edək ki, bulez epidermoliz çox nadir genetik xəsətlikdir. Qərb mütəxəssislərinin araşdırmalarına görə, Rusiyada bu xəstəlikdən iki minə yaxın insan əziyyət çəkir. Bu xəstəliyin tam müalicəsi qeyri-mümkündür.