Azərbaycan, Bakı, 20 avqust /Trend/
ABŞ-ın Florida ştatının Verona-Biç çimərliyində dayverlər batmış ispan gəmisindən dəyəri 4,5 milyon dollar olan xəzinə aşkar ediblər.
Trend bu barədə "RİA Novosti"-ya istinadən verir ki, 1715-ci ildə Floridada fırtına zamanı ispan donanmasının Kubadan hərəkət edən 11 gəmisi batıb.
Tapıntını sözügedən donanmanın yüklərinin axtarışı üzrə eksklüziv hüquqa malik olan kapitan Brent Brisbenin axtarış komandası gerçəkləşdirib.
Sudan çıxarılan 350 sikkə arasında doqquzu nadir tapıntıdır. "Royal" sikkələri xüsusi olaraq ispan monarxı V Filipp üçün hazırlanıb.
Bir aydan da az müddət əvvəl Brisbenin komandası həmin ərazidə başqa bir xəzinə tapıb.
Hazırda dövlətin tapılan xəzinələrin qiymətləndirilməsi ilə məşğul olduğu, sonda ortaya çıxacaq dəyərin 20 faizini dövlətin götürəcəyi, qalan pulların isə Brisben və onun komandasına çatacağı qeyd olunur.