Bakı. Trend:
Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirilən konfet ağacına maraq gündən-günə artır.
Trend Region TV-yə istinadən məlumat verir ki, ötən əsrin 80-ci illərində Lənkərana gətirilən konfet ağacının toxumlarını bazardan alan N.Cabbarov onu həyətyanı sahəsində əkərək çoxaldıb. Hazırda bağbanın həyətində onlarla konfet ağacı var.
N.Cabbarovun dediyinə görə, əvvəllər bu bitkiyə maraq az olsa da, sonradan toxumlar vasitəsilə artırdığı bu bitkidən artıq 100-dən çox ağac sata bilib: "Elə ağac olub, 50 manata, elə ağac olub ki, 10 manata satmışam. Maraq göstərənlər çoxalır".
Bu bitkidə əsas maraq doğuran isə həm dadına, həm də görünüşünə görə konfeti xatırladan meyvələridir. Meyvələrin yetişməsi isə əsasən dekabr ayına təsadüf edir və şaxtaya çox davamlıdır. Yetişmiş meyvələrin şirəsi qənddən 300 dəfə şirindir. Bu ağacın meyvələrinin təxminən 35-40 faizinin şəkərdən ibarət olduğu bildirilir.
Vətəni sayılan Yaponiya, Çin, Hindistan və Koreya kimi ölkələrdə bu ağacın meyvələrindən şirniyyatların hazırlanmasında geniş istifadə olunur.
Ağacın meyvələrindən nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq, öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində də istifadə edilir.