Bakı. Trend:
Ağır xəstə olan arvadını Kiprdəki evlərində boğaraq öldürən britaniyalı azadlığa buraxılıb.
Trend xarici mediaya istinadən xəbər verir ki, 76 yaşlı David Hanterin həyat yoldaşı 74 yaşlı Cenis Hanter leykozdan əziyyət çəkirmiş.
Kişi əməlinin qətl deyil "intihara kömək" olduğunu iddia edib. O, arvadının ağrılardan çox əzab çəkdiyini və əzablarına son qoyması üçün ona yalvardığını bildirib.
"O mənim təkcə həyat yoldaşım deyildi, həm də ən yaxın dostum idi" deyən kişi sonunda arvadının "xahiş"ini yerinə yetirmək qərarına gəlib.
Arvadını boğaraq öldürdükdən sonra öz həyatına da son vermək istəyən David Hanter həyatda qalıb.
Məhkəmə britaniyalının etiraflarına inanıb və onu sərbəst buraxıb.