Bakı. Trend:
Yanvarın əvvəlində maraqlı astronomik hadisə — Kvadrantid meteor yağışı müşahidə olunacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən xəbərə görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir.
Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə
edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının
səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların
sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120
meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu
rəqəm təxminən 100–113 meteor/saat təşkil edə bilər. Bu il maksimum
aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da
müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların
görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək
yenə də mümkün olacaq.
Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli
olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli
cisimdən qaynaqlanır. Bu asteroid Günəş ətrafında təxminən 5,5 il
ərzində dövr edir. Ehtimala görə, bu obyekt keçmişdə aktiv komet
olub və zamanla parçalanaraq asteroid xarakteri alıb. Yer kürəsi
hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya
hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları
yaranır.
Meteorlar Yer atmosferinə təxminən 41 kilometr/saniyə sürətlə daxil olur və parlaq işıq izləri buraxır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur.
