Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir C.Babayeva/ Rəsmi Bakı Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi məsələsini nəzərdən keçirmir. Bu barədə cümə günü Trend ə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim bildirib.
"Bu məsələ danışıqlar masası üzərində olan sənədə daxil edilməyib" - deyə İbrahim bildirib.
ATƏT-in Minsk qrupu həmsədrləri dekabr ayında Madriddə ilk dəfə olaraq Azərbaycan və Ermənistanın XİN başçılarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yazılı təkliflər təqdim ediblər.
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye dünən Ermənistanda, Yerevanda və Bakıda aparılan danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi məsələsinin müzakirə edilməsi barədə bəyan edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov danışıqlar prosesinə Dağlıq Qarabağ ermənilərinin cəlb edilməsi barədə bəyanatla razı olmadığını bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.