...

GUAM ölkələri BMT Baş Assambleyasında GUAM məkanında "dondurulmuş münaqişələr" üzrə qətnamənin qəbul olunmasında "ciddi oyunçular"ın dəstəyini əldə etmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir S.Ağayeva/ GUAM ölkələri BMT Baş Assambleyasında GUAM məkanında "dondurulmuş münaqişələr" üzrə qətnamənin qəbul olunmasında "ciddi oyunçular"ın dəstəyini əldə etmək niyyətindədir. Bu haqda GUAM-ın Baş katibi Valeri Çeçalaşvili cümə günü Bakıda jurnalistlərə bildirib.

"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"a üzv ölkələrdə "dondurulmuş münaqişələr" Nyu-Yorkda sentyabrda keçiriləcək BMT Baş Assambleyasının növbəti sessiyasında müzakirə olunacaq.

"Bu dəfə biz GUAM məkanında münaqişələrin nizama salınmasına dair BMT üzv ölkələrinin əksəriyyətinin, "ciddi oyunçular"ın dəstəyini əldə etmək niyyətindəyik", - deyə Çeçalaşvili bildirib. GUAM-ın Baş katibi ümid edir ki, bu dəfə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Baş Assambleyada qətnamənin müzakirəsi zamanı daha çox səs toplaya biləcəklər.

Onun sözlərinə görə, GUAM üzv ölkələri hazırda qətnamə layihəsinin mahiyyətini səbrlə BMT üzv ölkələrinə izah etməkdə davam edir. "BMT tərəfindən Azərbaycanın işğal olunmş ərazilərində və Abxaziyadakı vəziyyət haqqında son iki qətnamənin qəbul olunması, dünyada bizim mövqeyimizin möhkəmlənməsi və qüvvətlənməsinə sübutdur", - deyə Çeçalaşvili bildirib.

BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim olunan "Azərbaycanın işğal olunmş ərazilərindəki vəziyyət haqqında" Qətnaməni qəbul edib. 39 ölkə qətnamənin "lehinə", 7 ölkə - "əleyhinə" səs verib, 100 üzv ölkə isə bitərəf qalıb.

Qətnamədə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafındaki silahlı münaqişənin beynəlxalq dünya və onun təhlükəsizliyi üçün təhlükə yaratması"ndan və bunun Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlıq ifadə olunur.

Sənəddə Ermənistan qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən "dərhal, tam və qeyd-şərtsiz çıxarılması" qeyd olunub.

Qətnamə "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulan əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiq edir və münaqişə ərazilərindən zərər çəkənlərin tam bərpası da daxil olmaqla, geri qayıtması üçün lazımi şəraitin yaradılmasının zəruriliyini qeyd edir".

Xəbər lenti

Xəbər lenti