...

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Helsinki danışıqlarının nəticələrini təhlil edir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2008 14:17 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Helsinki danışıqlarının nəticələrini təhlil edir (video)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Helsinkidə keçirilən danışıqlarının və ATƏT-in xarici işlər nazirlərinin illik toplantısında münaqişə ilə bağlı aparılan müzakirələrin nəticələrini təhlil edir.

"Aparılan təhlil başa çatandan sonra mövqeyimizi açıqlayacağıq", - bu barədə cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: ATƏT-in xarici işlər nazirlərinin dekabrın əvvəlində Helsinkidə keçirilən toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandiyan arasında görüş keçirilib. Danışıqlar daha sonra ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib. Sonda birgə bəyanat qəbul olunub.

Məmmədovun sözlərinə görə, ATƏT xarici işlər nazirlərinin Helsinkidə keçirlən toplantısının sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbul olunmasına Rusiyanın mane olması haqqında Azərbaycan tərəfində məlumat yoxdur.

"Mən də bununla bağlı məlumatları mətbuatdan oxumuşam. Amma bunun Rusiyanın rəsmi mövqeyi olması haqqında heç nə deyə bilmərəm. Xarici işlər nazir Elmar Məmmədyarov bununla bağlı məlumat verəndən sonra məsələ aydınlaşacaq. Düşünmürəm ki, Rusiya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsndə əks mövqe tutsun", - Prezidentin İcra Aparatının şöbə müdiri əlavə edib.

Məmmədov hesab edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn prinsip və normaları çərçivəsində həll olunması Rusiyaya daha çox lazımdır.

Məmmədov bildirib ki, son zamanlar Cənubi Qafqaz bölgəsində gedən proseslərin aktivləşməsi nəticəsində beynəlxalq birliyin, Rusiya, Türkiyə, Avropa İttifaqı və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə marağı artıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti