Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir A.Hüseynbala /
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbərliyi Azərbaycanda səfərdə olan ATƏT-in hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə görüşüb.
"Görüşdə icmanın rəhbəri Bayram Səfərov ATƏT sədrinə icmanın yaranması səbəbləri və məqsədləri haqda məlumat verib", - cümə axşamı Trend -a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının rəhbəri Mehdi Abdullayev bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında "Dağlıq Qarabağın azərbaycanlı icması"nı da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib.
Bu il iyunun 5-də keçirilən ilk qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin yeni başçısı Bayram Səfərov icmanın rəhbəri seçilib.
Abdullayevin sözlərinə görə, Bakoyanni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin azərbaycanlı icmasının rəhbərliyi ilə görüşmək arzusunda olduqlarını qeyd edib.
Abdullayev deyib ki, görüşdə Bakoyanni icma üzvlərinə münaqişənin həlli üçün ATƏT-in rəhbəri kimi bütün səylərini tam səfərbər edəcəyini bildirib. "ATƏT sədri yaxın müddətdə problemin nizamlanması üçün özünün də çalışacağına vəd verdi", - şura rəsmisi vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]