Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Milli Məclisinin (Parlament) Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini hesab edir ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycanın yeddi rayonunun qaytarılması ilə bağlı Ermənistanda verdiyi bəyanat işğalçı dövlət üçün bir mesajdır.
"Amerikalı həmsədrin bu bəyanatı olduqca ciddidir. Xüsusilə, bəyanatın Ermənistanda səsləndirilməsinin əhəmiyyəti böyükdür. Hazırda danışıqlar prosesində ciddi irəliləyişlər var. Son proseslər Dağlıq Qarabağ probleminin mərhələli yolla həlli ediləcəyini göstərir ki, bu da Azərbaycanın maraqlarına uyğundur", - Trend -un məlumatına görə, bunu şənbə günü Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.
Trend -un arayışı: Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Brayza "Evroforum" adlı konfransda çıxışı zamanı bildirib ki, Ermənistan Azərbaycana işğal altında olan yeddi rayonu qaytarmalıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Mirzəzadə Türkiyəyə səfəri zamanı Rusiyanın Baş naziri Vladimir Putinin də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar verdiyi bəyanatı yüksək dəyərləndirib. Onun fikrincə, bu cür bəyanatlar münaqişənin həllinin çox da uzaqda olmadığı barədə fikir yaradır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]