Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu Türkiyənin KANAL 7 telekanalına verdiyi müsahibəsində Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyini bildirib. Bu haqda Türkiyənin ANADOLU agentliyi məlumat verib.
"Heç şübhəsiz ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək", - deyə Davudoğlu bildirib.
Trend -un arayışı: Rusiyanın Baş naziri Vladimir Putin keçən həftə Türkiyəyə səfər edib. Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Baş nazir onu da qeyd edib ki , Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Türkiyənin XİN rəhbəri onu da qeyd edib ki, Rusiya son vaxtlar Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyli müsbət addımlar atıb.