...

Ermənistan-Türkiyə protokolları Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra ratifikasiya oluna bilər - Türkiyənin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2009 14:30 (UTC +04:00)

Azərbaycan ərazilərinin işğalına son qoyulması Ermənistan-Türkiyə protokollarının Türkiyə Parlamentində ratifikasiyasına müsbət təsir edə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Al-Cəzirə telekanalına müsahibəsində deyib.

"Müsbət irəliləyiş (Dağlıq Qarabağ münaqişəsinin həllində) olmadan, protokolun ratifikasiya olunacağına heç bir ümid yoxdur. Parlamentin belə bir razılığı ratifikasiya etməsi üçün siyasi və psixoloji atmosferin olması vacibdir", - Davudoğlu deyib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri tərəfindən imzalanmış protokollar, keçən həftə baxılması üçün Türkiyə Böyük Millət Məclisinə (parlament) təqdim olunub.

Müxalifətdən olan deputatlar protokolların imzalanmasını tənqid etmiş və hakim partiyadan olan deputatın çıxışı zamanı iclas zalını tərk etmişdilər.

"Biz Konstitusiyaya əsasən hərəkət edirik və protokolların ratifikasiyası məsələsində Türkiyə Parlamentinə təzyiq edə bilmərik", - XİN rəhbəri deyib.

"Ermənistan-Türkiyə protokolları Cənubi Qafqazda stabilliyin bərqərar olunmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər", - Davudoğlu əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

"Biz parlamentin protokolları təsdiq etməsi üçün siyasi və psixoloji əsas yaratmaq istəyirik. Bunu üçün sülh danışıqlarında irəliləyiş olmalıdır. Çünki Azərbaycan torpaqlarının işğalı Türkiyənin də problemidir", - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti