RED. əlav.: 5-ci abzasdan sonra əlavə olunub
Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Tariverdiyeva/
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bu barədə cümə günü Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda keçirilən Azərbaycan-Rusiya cəmiyyətləri Forumunda deyib.
"Afinada keçirilən ATƏT XİNŞ-in iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri birgə sənəd imzalayıblar. İlkin olaraq Ermənistan sənədi imzalayıb və etiraf edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər", - o bildirib.
Ramiz Mehdiyevin sözlərinə görə, forumda Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi kimi son dərəcə vacib olan məsələni unutmaq olmaz. "Azərbaycanın ərazi bütövlüyü bütün dünya dövlətləri tərəfindən tanınıb. Fürsətdən istifadə edərək burada olan jurnalistləri bu cür cətin münaqişənin geniş işıqlandırılmasına çağırıram. Münaqişənin işıqlandırılması ilə bağlı vəziyyət dəyişməlidir", - o əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
"Azərbaycan Sovet totalitarizminə özünün qəti "Yox!" cavabını düz 20 il əvvəl - 20 yanvar 1990-ci ildə deyib", - Mehdiyev deyib.
"Həmin faciəli yanvarda SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə Sovet hakimiyyəti heç bir fövqəladə hal elan etmədən iri Sovet kontingentini Azərbaycana yeridib. Həmin kontingentin tərkibində Şimali Qafqazdan olan erməni milliyətçilərdən ibarət ehtiyat hərbçilər də olub. Həmin əməliyyat dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla müşahidə olunub", - Azərbaycan Prezident Administrasiyasının rəhbəri deyib.
"Lakin hansı səbəbdənsə Qorbaçov 1988-90-cı illərdə - aqressiv erməni qrupları amansız qətl hadisələri törədərək azərbaycanlıları, o cümlədən qocaları, qadınları və uşaqları öz tarixi yurdlarından zorla qovarkən, vəhşiləşmiş erməni qrupları hamilə qadınlara qarşı zorakılıq və azğınlıq törədən zaman Yerevana ordu yeritməyib", - Mehdiyev deyib.