Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.Ağayeva/
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi Azərbaycan və Ermənistana münasibətdə neytrallığı saxlamağa böyük əhəmiyyət verir, eləcə də Fransa və Ermənistan arasında imzalanan hərbi əməkdaşlıq haqqında memorandumun heç bir bəndi bu neytrallığı şübhə altına salmır. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Fransa və Ermənistanın müdafiə nazirləri fevralın 10-da Parisdə hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar.
"Sənəddə iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın mövzusu müəyyən edilir", - səfirlik qeyd edir.
"Fransa Azərbaycana da analoji sənədi imzalamağı təklif edib", - məlumatda deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.