...

Dağlıq Qarabağ münaqışəsi barədə erməni tərəfi yalanlar uydurur - Lord Leyrd

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2010 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Dağlıq Qarabağ münaqışəsi barədə erməni tərəfi yalanlar uydurur, ona görə də Azərbaycan həqiqətlərinin müxtəlif sivil yollarla dünyaya yayılması çox vacibdir, - Trend-in məlumatına görə, bu barədə "Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli" mövzusunda Londonda keçirilən konfransda Lord Leyrd bildirib.

"Azərbaycan dinlərarası dialoqda sağlam və fəal mövqe tutub, dünya dini liderlərinin sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Lakin Ermənistanın Azərbaycan əleyhinə təbliğatı ölkə haqqında həqiqətlərin yetərincə yayılmasına mane olur", - Leyrd vurğulayıb. Məlumatı cümə axşamı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Konfransdakı çıxışında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, regionda ilk dəfə Azərbaycanda vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazasını beynəlxalq hüquq normalarına uyğunlaşdırıb.

Komitə sədri deyib ki, Azərbaycanda İslam dini abidələri ilə yanaşı, xristian və yəhudi məbədlərinin bərpası və dindarların istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər dövlətin siyasətinin tərkib hissəsinə çevrilib.

Orucov bildirib ki, son iki əsrdə milyonlarla soydaşımız, tarixi-dini abidələrimiz və digər mədəniyyət nümunələrimiz etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrilib.

Avropa - Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya Krallığı Lordlar Palatasının və respublikamızın bu ölkədəki səfirliyinin dəstəyi ilə keçirilən konfransın nəticəsi olaraq deklarasiya qəbul edilib.

Sənəddə bildirilir ki, Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və sosial sabitliyə mənfi təsir göstərən məsələlərin daha yaxşı anlaşılmasına dəstək verilməli, Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı konfliktə, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə dünyanın diqqətinin cəlb edilməsinə yardım göstərilməli, beynəlxalq ictimaiyyət beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, konfliktin tezliklə və birdəfəlik həlli ilə nəticələnən sülh danışıqlarına cəlb olunmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti