...

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun əvvəlində Azərbaycana gələcəklər – rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2010 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun əvvəlində Azərbaycana gələcəklər. Bu barədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

"Həmsədrlər regiona iyulun əvvəlində gələcəklər. Səfər müddəti dəqiqləşdirilir", - Popov Trend-ə Moskvadan telefonla bildirib.

Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada "Böyük səkkizliyin" sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. Onun sözlərinə görə, Minsk qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcəklər.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən "Böyük səkkizliyin" zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

Prezidentlər öz bəyanatlarında hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.

Bu prinsiplər arasında Dağlıq Qarabağın, onun bütün əhalisinin iradəsini bildirməsi nəticəsində gələcək hüquqi statusunun təyin olunması, bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki evlərinə qayıtmaları, beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən sülhməramlı əməliyyatlar da göstərilib. Bu müddəalar Madrid prinsiplərinin baza bəndlərinə uyğundur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti