...

ATƏT MQ Dağlıq Qarabaq münaqişəsinin nizamlanmasında hələlik yeganə effektiv alətdir – Prezident Medvedev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2010 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A. Qasımova/

Dağlıq Qarabaq münaqişəsinin nizamlanmasında başlıcası işin səmərəliliyidir. Hələlik isə onu yalnız ATƏT-in Minsk qrupu nümayiş etdirir. Bunu Rusiya Prezidenti Dmitri Medvedev cümə günü Yerevanda Ermənistan prezidenti ilə birgə mətbuat konfransında bildirib. Bu barədə "Vesti" telekanalı məlumat verib.

"Bu danışıqların digər yerdə qalan potensial iştirakçıları danışıqların mövzusundan kifayət qədər uzaqdırlar, heç də həmişə təfərrüatlara varmırlar və bu da vasitəçilik potensialının tətbiqini çətinləşdirir. Ona görə də mənə elə gəlir ki, işin səmərəliliyini ön plana qoymaq düzgündür. Fikrimcə, belə səmərəlilik Minsk qrupu formatında, eləcə də RF-in vasitəçilik səylərində mümkündür", - Medvedev deyib.

Prezidentin sözlərinə görə, istifadə olunan və ya istifadə üçün təqdim edilən vasitəçilik institutları, həmçinin, mürəkkəb danışıqlar prosesindəki tərəflər üçün də qarşılıqlı əlverişli olmalıdır. "İştirakçı onların xoşuna gəlmirsə və ya iştirakları onların qərəzsizliyinə şübhə doğurursa, vasitəçiləri zorla qəbul etdirmək mümkün deyil. Nəhayət, əgər tərəflər, eləcə də Minsk qrupu və ya daha hansısa institut çərçivəsində digər iştirakçıların cəlb edilməsi ilə razılaşarlarsa, təbii ki, biz bunu mövcudluq kimi qəbul edirik", - Medvedev əlavə edib.

Ermənistan prezidenti də Dağlıq Qarabaq münaqişəsinin nizamlanmasında Minsk qrupu formatını əlverişli hesab edir.

"Yalnız ATƏT-in Minsk qrupu çərçivəsində konkret nəticələr əldə etmək olar", - Serj Sarkisyan Yerevanda Dmitri Medvedevlə birgə mətbuat konfransında bildirib.

"Bu gün regionda nə sülh, nə də müharibədir. Pisdir ki, sülh yoxdur, həm də yaxşıdır ki, müharibə yoxdur. ATƏT-in Minsk qrupunun böyük xidməti də məhz budur", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti