...

Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi təklifini dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2010 16:52 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi barədə təklifini dəstəkləyib.
Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi təklifini dəstəkləyib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin xüsusi nümayəndəsinin təyin edilməsi barədə təklifini dəstəkləyib. Bunu Əsədov çərşənbə axşamı Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə görüşündə deyib.

Latviyanın sabiq Prezidenti ilə görüş zamanı Milli Məclisinin sədri bildirib ki, BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr Azərbaycan üçün çox önəmlidir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin məlumatında bildirilir.

BMT Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini təyin etməlidir. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Latviyanın eks-prezidenti (1999-2007), BMT baş katibinin xüsusi diplomatik nümayəndəsi, Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun vitse-prezidenti Vayra Vike-Freyberq bildirib.

Vayra Vike-Freyberq hesab edir ki, xüsusi nümayəndənin təyin olunması münaqişənin həllini sürətləndirə bilər.

"Lakin hesab edirik ki, dünyada sülhün, təhlükəsizliyin qarantı olan bu nüfuzlu beynəlxalq təşkilatda da bəzi islahatlar aparılmalıdır. Çünki işğalçı Ermənistanın BMT-nin qərar və qətnamələrinə məhəl qoymamasına göz yummaq olmaz", - Əsədov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti