...

Ermənistan digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əməl etməlidir – Almaniyanın keçmiş dövlət katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2010 12:43 (UTC +04:00)
Ermənistan qüvvədə olan beynəlxalq hüquq prinsiplərinə əməl etməyə, yəni digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə borcludur, - Almaniyanın keçmiş dövlət katibi Eduard Lintner belə hesab edir.
Ermənistan digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əməl etməlidir – Almaniyanın keçmiş dövlət katibi

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Ermənistan qüvvədə olan beynəlxalq hüquq prinsiplərinə əməl etməyə, yəni digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə borcludur, - Almaniyanın keçmiş dövlət katibi Eduard Lintner belə hesab edir.

Ermənistan münaqişələrin dinc yolla nizamlanması prinsipinə tabe olmalıdır və bu əsasda Azərbaycanda yaşayan erməni milli azlığının əlverişli muxtariyyət statusu haqqında razılığa gəlməlidir. Keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Əlaqələrinin İnkişafı üzrə Cəmiyyətin rəhbəri Lintner "Zorakılıq. Təcavüz. Müharibə. Bu, sülh və rifaha aparan yol deyil" mövzusunda keçirilən müzakirələr zamanı deyib.

Müzakirələr Lintnerin təşəbbüsü ilə Almaniya Federal Hökumətinin Mətbuat və İnformasiya Nazirliyində keçirilib. Bu barədə Almaniya-Azərbaycan Əlaqələrinə Yardım Cəmiyyətinin (GeFDAB) məlumatında deyilir.

Bundestaqın deputatı və ATƏT yanında alman nümayəndə heyətinin üzvü cənab Karl Georq Velman Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, silahlı təcavüz və özgə ərazilərinin işğalına xalqın öz müqəddəratını təyinetmə hüququ ilə haqq qazandırıla bilməz.

"Qüvvədə olan beynəlxalq hüquq, demək olar, hər bir dövlətdə olan milli azlıqlara ayrılmaq üçün deyil, onların hüquqlarının qorunması üçün mexanizm verir. Ona görə də BMT həmişə Dağlıq Qarabağın istisnasız olaraq Azərbaycan Respublikasına məxsus olduğunu göstərir", - Velman deyib.

Müzakirə iştirakçıları Ermənistanı işğal etdikləri Azərbaycan ərazilərini azad etməyə, qaçqınların öz doğma yerlərinə qayıtmalarına mane olmamağa, ATƏT-in Minsk qrupunun təkliflərinə uyğun olaraq, Qarabağın gələcək statusu haqqında Azərbaycanla danışıqlara başlamağa çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müzakirələrdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bundestaqın deputatları, eləcə də Almaniya Federal Hökumətinin keçmiş ticarət naziri Mixail Qloss iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti