...

AŞPA Bürosunda Dağlıq Qarabağ üzrə Alt Komitənin yeni sədri seçilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2011 13:14 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bü gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi üzrə müzakirələr aparılıb.
AŞPA Bürosunda Dağlıq Qarabağ üzrə Alt Komitənin yeni sədri seçilib

Fransa, Strasburq, 28 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bü gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi üzrə müzakirələr aparılıb.

Trend-in məlumatına görə, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xukla i Kosta yekdilliklə (Ermənistan istisna olmaqla) Komitənin yeni sədri seçilib. Bu barədə jurnalistlərə cümə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.

Seyidov qeyd edib ki, Alt Komitənin tərkibinə hər ölkənin həmməruzəçiləri, AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri daxil olacaq.

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsi təxminən bir il əvvəl qurumun sədri Lord Rassel Constonun vəfatı ilə əlaqədar öz fəaliyyətini dayandırmışdı. İyunun 21-də başlanan yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri görüşərək, Alt komitənin yaradılması məsələsini bir daha müzakirə ediblər. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə Alt komitə fəaliyyətini bərpa edə bilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti