Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Son 10 gündə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini müxtəlif istiqamətlərdə 20 dəfədən çox pozub.
Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinın mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə İrəvanda keçirdiyi görüşdə Azərbaycan tərəfini atəşkəs rejiminə riayət etməməkdə günahlandırmasına münasibət bildirərkən deyib.
Sabiroğlunun sözlərinə görə, Ermənistanın atəşkəs rejimini pozması nəticəsində itki verdiyi halda belə, Ohanyan bunu etiraf etməyi bacarmır.
"Ohanyanın iddiasının əksinə olaraq, son 10 gündə erməni snayperlərin aktivliyi özünü xüsusilə göstərib. Azərbaycan bu barədə beynəlxalq təşkilatları mütəmadi məlumatlandırır. Dünya ictimaiyyəti hər şeydən xəbərdardır. Erməni nazir isə buna baxmayaraq, yenə də həmsədrlərlə görüşərkən onları aldatmağa çalışıb", - MN-in sözçüsü deyib.
Sabiroğlu bildirib ki, Ermənistanın müdafiə naziri yalan və əsassız bəyanatları səsləndirməyi həyat normasına çevirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.