Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:09-da yayılıb)
Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Hazırda Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin intensiv məsləhətləşmələri davam edir. Bunu cümə axşamı RF-nin ATƏT yanında daimi nümayəndəsi Ənvər Əzimov bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
"Belə görüşlərin tez-tez keçirilməsi bu formatda aparılan işin ciddiliyini və tərəflərin konkret praktiki nəticələrə doğru istiqamətlənmiş olduğunu sübut edir. Bununla da ölkələrimizin prezidentlərinin yeni sammitinin keçirilməsi üçün lazımi əsas hazırlanır", - Əzimov Vyanada ATƏT-in Daimi Şurasının iclasında bildirib.
Yanvarın 25-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında danışıqlar keçirilib.
Əzimov Cənubi Qafqaz regionunda böhranın nizamlanması məsələlərinin konstruktiv müzakirəsinə çağırıb.
Onun sözlərinə görə, belə müzakirələr "həm Rusiya-Aİ, həm də ATƏT dialoqu çərçivəsində mürəkkəb münaqişələrin həllinin yaxınlaşmasına kömək edər, cəlb olunmuş tərəflərin və ümumilikdə Avropanın təhlükəsizliyi maraqlarında müvafiq razılaşmaların əldə olunmasına yardım edər".
Sonda Əzimov "Brüssellə əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - böhranın nizamlanması sahəsində problemlərin müzakirəsindən konkret birgə qərarların işlənməsinədək Avropa İttifaqı ilə gələcək effektiv və sıx qarşılıqlı fəaliyyətə" ümidini ifadə edib". "Rusiya buna hazırdır. Təbii ki, biz analoji qarşılıqlı fəaliyyəti amerikalı tərəfdaşlarımızla da artıracağıq", - o, bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.