Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/
"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (AZİZ) və İsrailin Azərbaycan diasporu Xocalı soyqırımının 19-cu ildönümünü qeyd ediblər.
Xocalı soyqırımı qurbanlarının anım günündə iştirak edən İsrail Knessetinin keçmiş deputatı, İsrailin müdafiə nazirinin sabiq müavini və Netanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri, general Yefraim Sne Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq təəssüf hissi ilə bildirib ki, beynəlxalq münasibətlərin müasir durumunda biz ikili standartların şahidi oluruq. "Misirlə sülh naminə İsrail Sinay yarımadasını tərk etdi, fələstinlilərlə sülh əldə etmək ümidi ilə Qəzza sektorundan çıxdı. Bəs nə üçün BMT Təhlükəsizlik Şurasının hörmətli üzvləri və dünya birliyi BMT üzvü olan Ermənistandan işğal etdikləri 20 faiz Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Niyə görə İsraildən güzəşt tələb olunur, Ermənistandan isə bunu tələb edən yoxdur? Niyə görə heç kəs Ermənistandan sülh naminə addım atıb öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb etmir? Təəssüflər olsun ki, dünya bu gün ətraf mühit probleminə qarşı daha diqqətlidir. Lakin niyə görə dünya erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ekoloji zərər və soyqırım barədə susur?" - Sne bildirib.
"Xocalı faciəsindən 19 il keçsə də, Azərbaycan vətəndaşları və əslən Azərbaycandan olanlar Xocalı qətliamının adı gələndə hələ də bu faciəni unuda bilmirlər", - Xocalı soyqırımı qurbanlarının anım günündə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal bildirib. Onun fikrincə, heç bir şübhə doğurmur ki, bu tək hərbi cinayət yox, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.
Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə bildirib ki, Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilib. "Dinc Azərbaycan əhalisi yalnız azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər", - Paşayeva vurğulayıb.
Milli Məclis deputatının sözlərinə görə, yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnmiş erməni faşizmini hamıdan yaxşı anlaya bilər.
İsrail-Azərbaycan parlamentlərarası komissiyasının sədri deputat Robert İlatov tədbirdə bildirib ki, Xocalıdakı hadisə Azərbaycan xalqının dəhşətli faciəsidir. İsrail deputatı onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut tədbirdə bildirib ki, Ermənistanın günahkar olduğunu tək Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan tutarlı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının alınmasında iştirak etmiş erməni hərbçilərin özlərinin söylədikləri də təsdiqləyir. "Hazırda Ermənistanda yüksək vəzifədə olan şəxslər - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və başqaları, həyata keçirilmiş soyqırımın iştirakçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır", - Qut deyib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.