...

ATƏT-in Minsk qrupunun hesabatı birbaşa onu göstərir ki, erməni millətçilərinin torpaq iddiası fəlsəfəsi iflasa uğrayıb - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2011 13:31 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarındakı vəziyyətlə bağlı hesabatı birbaşa onu göstərir ki, erməni millətçilərinin torpaq iddiası fəlsəfəsi iflasa uğrayıb. Bu barədə cümə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə bildirib.
ATƏT-in Minsk qrupunun hesabatı birbaşa onu göstərir ki, erməni millətçilərinin torpaq iddiası fəlsəfəsi iflasa uğrayıb - deputat

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Hacıyev/

ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarındakı vəziyyətlə bağlı hesabatı birbaşa onu göstərir ki, erməni millətçilərinin torpaq iddiası fəlsəfəsi iflasa uğrayıb. Bu barədə cümə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə bildirib.

"ATƏT-in faktaraşdırıcı missiyasının məlumatları işğal altında olan torpaqlarda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. 1988-ci ildə başlanan Azərbaycan torpaqlarının zorla Ermənistana birləşdirilməsi ideyasının iflasa uğradığı göz qabağındadır. İşğal edilmiş torpaqları nəinki o dövrdəki inkişaf səviyyəsində saxlamaq mümkün olmayıb, hətta tənəzzül indi də get-gedə artır", - Mirzəzadə əlavə edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri 7-12 noyabr 2010-ci ildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunda vəziyyətin qiymətləndirilməsi məqsədilə səhra qiymətləndirici missiya aparıblar. Həmsədrlər martın 23-24-də Vyanada ATƏT-in baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərində səhra qiymətləndirici missiyanın hesabatını təqdim ediblər.

Mirzəzadə qeyd edib ki, bu hesabatda işğal olunmuş zonanın yalnız bir hissəsinə - Kəlbəcər və Laçına xarakteristika verilir və qeyd edilir ki, iki rayonda cəmi 14 minə yaxın əhali yaşayır. Halbuki, vaxtilə bu iki rayonda 100 mindən çox əhali yaşayırdı.

"Bu gün Ermənistan işğal etdiyi ərazini məskunlaşdıra bilmir. İşğal etdiyi ərazinin təsərrüfat sistemini qura bilmir, insanların normal yaşayış şəraitini yarada bilmir. İnsanların şəxsiyyət vəsiqəsi yoxdur, müvafiq infrastrukturu, sosial müdafiə sistemi yoxdur. İnsanların bu günə və ya sabaha hər hansı inamı yoxdur. Torpaqların işğalı həmin zonaya hər hansı tərəqqi gətirə bilməyib, əksinə onu ümumi inkişafdan kənarda saxlayıb. Digər tərəfdən, torpaqların işğalı Ermənistanın özünün boynundan asılmış ağır bir daşa çevrilib. Bu, Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin bağlanmasına, Ermənistanın bütün regional layihələrdən kənarda qalmasına səbəb olub", - millət vəkili bildirib.

Onun sözlərinə görə, ağır şəraitdə yaşayan Ermənistanın müstəmləkəsinə çevrilmiş Dağlıq Qarabağ və ətraf zona Ermənistanın özündən də ağır vəziyyətdə yaşayır.

"Burada hər hansı bir mədəni inkişafdan söhbət gedə bilməz. Tarixi irsin qorunması, hesabatdan da göründüyü kimi, bərbad vəziyyətdədir. Vaxtilə abad şəraitdə olan Dağlıq Qarabağ və ətraf rayonların şəhər və kəndləri bərbad vəziyyətdədir və xarabalığa çevrilib. Bu, Ermənistanın apardığı rəsmi siyasətin nəticəsidir", - o, qeyd edib.

Mirzəzadə hesab edir ki, Minsk qrupunun həmsədrləri konkret ünvan göstərməlidirlər.

"Onlar Ermənistandan tələb etməlidirlər ki, beynəlxalq hüquq normalarına əməl etsin, torpaqlarından qovulmuş milyonlarla azərbaycanlı geri qayıtsın, azərbaycanlı və erməni icmaları birlikdə öz torpaqların abadlaşdırsınlar və inkişafını təmin etsinlər", - Mirzəzadə deyib.

Millət vəkili onu da vurğulayıb ki, bu hesabat Ermənistanın işğalçı siyasətinin mahiyyətini ifşa edən ən ağır ittihamlardan biridir.

"Hesabatda diplomatik ton var və müəyyən məqamların üzərində dayanmaq istəmirlər. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsindən söz açılmayıb. Orada qəbiristanlıqlardan söz açılıb, ancaq Azərbaycanın tarixi abidələrindən bəhs edilməyib. O torpaqlarda qədim tarixi abidələr, muzeylər, qədim mağaralar və digər mədəni abidələr var idi. Onların taleyi barəsində hər hansı məlumat yoxdur. Ancaq bir zonada 14 min əhalinin yaşadığı bildirilir. Bəs Ağdamda, Qubadlıda, Cəbrayılda və Xocalıda nə qədər adam yaşayır? Görünür oralarda vəziyyət ondan da ağırdır deyə, həmsədrlər həmin bölgələrlə bağlı məlumatı işıqlandırmağı məsləhət bilməyiblər. Hesab edirəm ki, hesabat yarımçıqdır. Hesabat missiyanın qarşısına qoyulan vəzifələri tam əhatə etmir. Onların cavablandırmalı olduğu sualların hamısına cavab tapılmayıb. Ancaq tam olmayan məlumat belə, bu gün işğal altında olan ərazilərdəki ağır vəziyyəti göstərir. Bu ağır vəziyyətin səbəbkarı isə erməni millətçiliyidir, hazırkı erməni hakimiyyəti və Ermənistan prezidenti Serj Sarkisyandır", - Mirzəzadə əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti