...

Azərbaycan Parlamentinin sədr müavini ATƏT-in faktaraşdırıcı missiyasının hesabatına münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2011 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/

ATƏT-in qiymətləndirmə missiyasının hesabatında əks olunan faktlar əsas verir ki, bu təşkilat və digər beynəlxalq qurumlar işğalçı Ermənistana ciddi təzyiqlər göstərməyə başlasın. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Muradova bildirib ki, qiymətləndirmə missiyası daha geniş monitorinq apara bilərdi və Ermənistanın təcavüzkar siyasətini ifşa edən faktlar daha da çox olardı.

"Amma bununla belə missiya müəyyən monitorinq həyata keçirib. Bunun nəticəsində də bir sıra faktlar aşkar edilib və bu faktların hesabata daxil olunması istiqamətində müəyyən işlər görülüb. Missiyanın hesabatında bölgədə 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının həyata keçirdiyi monitorinqdən ötən dövr ərzindəki vəziyyət əksini tapıb", - o əlavə edib.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində sahə qiymətləndirmə missiyasını həyata keçiriblər.

Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyasının bir üzvü həmsədrlərə qoşulublar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti