...

Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza prinsipləri barəsində razılığa gəlməyin vaxtıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2011 13:20 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza prinsipləri barəsində razılığa gəlməyin vaxtı çatıb. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza belə hesab edir.
Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza prinsipləri barəsində razılığa gəlməyin vaxtıdır

Azərbaycan, Lənkəran, 31 may /Trend, müxbir P.Əliyeva/

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza prinsipləri barəsində razılığa gəlməyin vaxtı çatıb. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza belə hesab edir.

"ABŞ və digər həmsədr ölkələrin Dovil bəyanatı regionda sabitliyin bərqərar olması baxımdan düzgün bəyanatdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza prinsipləri barəsində razılığa gəlməyin vaxtı çatıb", - Trend-in məlumatına görə, Brayza çərşənbə axşamı Lənkəranda jurnalistlərə deyib.

Rəsmi Bakı hesab edir ki, Ermənistan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatından nəticə çıxarmalıdır.

"Əlbəttə, biz prezidentlərin Fransanın Dovil şəhərində "səkkizlər"in görüşü zamanı verdikləri bəyanatı alqışlayırıq. Prezidentlər Barak Obama, Dimitri Medvedev və Nikola Sarkozinin münaqişənin indiyədək həll olunmaması ilə bağlı narahatlıqları başa düşüləndir və məmnunluq doğurur. Buna görə də, onlar münaqişənin tezliklə danışıqlar yolu ilə həllini n vacibliyini vurğulayırlar, biz də buna böyük əhəmiyyət veririk", - ötən həftə Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Brayza jurnalistlərə bildirib ki, baza prinsipləri yekun sülh sazişi olmasa belə, razılaşmanın təməlini qoya bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti