...

Münaqişə tərəfləri arasındakı fikir ayrılıqları baza prinsiplərinin qəbul edilməsinə mane olmamalıdır - Minsk qrupunun bəyanatı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2011 15:54 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov birgə bəyanatla çıxış ediblər.
Münaqişə tərəfləri arasındakı fikir ayrılıqları baza prinsiplərinin qəbul edilməsinə mane olmamalıdır - Minsk qrupunun bəyanatı (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 15:11-də yayılıb)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Qasımova/

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında qalan fikir ayrılıqları baza prinsiplərinin qəbul edilməsinə mane olmamalıdır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytı məlumat verib.

"Kazan görüşünün nəticələri tərəflərin gələcək danışıqlar prosesinə sadiqliyinin təsdiqlənməsi də daxil olmaqla, münaqişə tərəfləri üçün bir təkandır. "Onlar "baza prinsipləri" üzrə sazişə mümkün qədər tez çatmaq üçün bu təkandan istifadə etməlidirlər", - sənəddə qeyd olunur.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

"Tərəflər Kazanda əsas prinsiplər haqqında son razılığa gəlməsələr də, irəliləyiş olub", - bəyanatda deyilir.

Həmsədrlər və səfir Anji Kaspşik bazar ertəsi ATƏT-in yeni baş katibi Lamberto Zanyerlə ayrı-ayrılıqda görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə davam etməkdə olan sülh prosesinin statusu müzakirə olunub.

Minsk qrupunun həmsədrləri Moskvada məsləhətləşmələr keçirməyi və yaxın gələcəkdə regiona növbəti səfər etməyi planlaşdırırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti