...

Kazan görüşü Qarabağ münaqişəsinin həllində siyasi metodların keçərli olmadığını göstərdi - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2011 13:27 (UTC +04:00)
Kazan görüşü bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında siyasi metodlar keçərli deyil.
Kazan görüşü Qarabağ münaqişəsinin həllində siyasi metodların keçərli olmadığını göstərdi - politoloq

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Kazan görüşü bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında siyasi metodlar keçərli deyil. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, artıq münaqişənin həll olunması istiqamətində siyasi resurslar tükənib və yalnız hərbi resurslara ümid etmək olar. Əhmədoğlu bildirib ki, məsələnin hərbi yolla həll olunması üçün Azərbaycanın hər cür imkanı var.

"İyunun 26-də keçirilən hərbi parad bunu bir daha sübut etdi", - Əhmədoğlu əlavə edib.

Politoloq onu da qeyd edib ki, Kazanda yenilənmiş Madrid Prinsipləri əsasında baza prinsipləri adlı sənədin imzalanması nəzərdə tutulmuşdu, lakin bu sənəd imzalanmadı.

"Sənədin imzalanmamasının başlıca səbəbkarı Ermənistandır. Ermənistanın Kazan görüşünü iflasa uğradacağı əvvəlcədən də bəlli idi. Hətta Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində sənəd imzalasa belə, sonradan öz imzasından imtina edə bilər. Bunu biz artıq Türkiyə-Ermənistan protokollarının imzalanmasında görmüşük. Bu sənədlər imzalandıqdan sonra Ermənistan həmin protokolları baxılmaq üçün Konstitusiya Məhkəməsinə verdi və məhkəmə isə protokollarda Türkiyənin xeyrinə olan bütün məsələlərin neytrallaşması istiqamətində qərar qəbul etdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir sənəd imzalasa belə, sonra həmin sənədi Konstitusiya Məhkəməsinə verə bilər və məhkəmə də həmin sənədi qeyri-qanuni hesab edə bilər. Beləliklə, Ermənistan vaxtı daha da uzada bilər", - o vurğulayıb.

Politoloq həmçinin qeyd edib ki, Kazan görüşü bu günə qədər keçirilən ən mühüm görüşlərdəndir. İndiyə qədər keçirilən heç bir görüşə bu qədər informasiya və siyasi dəstək verilməmişdi.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti