...

Fransa Prezidentinin Cənubi Qafqaza səfəri zamanı əsas diqqət Qarabağ probleminə yönələcək - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2011 16:02 (UTC +04:00)
Fransa Prezidentinin Cənubi Qafqaz regionuna səfəri zamanı əsas diqqət Dağlıq Qarabağ probleminə yönəldiləcək.
Fransa Prezidentinin Cənubi Qafqaza səfəri zamanı əsas diqqət Qarabağ probleminə yönələcək - politoloq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/

Fransa Prezidentinin Cənubi Qafqaz regionuna səfəri zamanı əsas diqqət Dağlıq Qarabağ probleminə yönəldiləcək. Bu barədə bazar ertəsi Trend-ə politoloq Qabil Hüseynli Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionuna gözlənilən səfərini şərh edərkən deyib.

"Səfər zamanı həm Gürcüstanın ərazi bütövlüyü məsələsi, həm də "Nabukko" layihəsi müzakirə ediləcəyi gözlənilir. Amma bütövlükdə səfərin qayəsi Dağlıq Qarabağ problemi ilə bağlı vasitəçilik missiyasının, buna bəzən moderatorluq da deyirlər, Fransaya keçməsidir. Əgər indiyə qədər prezidentlərin görüşünün təşkilini, bir sıra təşəbbüsləri Rusiya tərəfi öz üzərinə götürürdüsə, yəni problemin həllində inhisarçı mövqe Rusiyaya məxsus idisə, indi belə bir missiyanı Fransaya verirlər", - Hüseynli əlavə edib.

Onun sözlərinə görə, hələ Azərbaycanın bu vasitəçilik missiyasına razı olduğunu ifadə edən mövqelərə rast gəlinməyib.

"Hər halda ABŞ da, Rusiya da, ATƏT-in rəhbər orqanları da həm Minsk qrupunun səylərini davam etdirməsini, həm də burada moderatorluq rolunun Fransaya keçməsi məsələsini qaldırıblar. Bu kontekstdə də Fransa Prezidenti Cənubi Qafqaz respublikalarına səfər edəcək. Bu səfərdə də, sözsüz ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tərəflərin ortaq mövqeyini hazırlamaq məsələsi gündəmdə duracaq", - Hüseynli deyib.

Politoloq Fransanın indiyədək Minsk qrupunun tərkibində hər hansı bir təşəbbüskarlığı və ya Rusiyanın diqqətindən kənara çıxan fərqli mövqeyi ilə seçilmədiyini xatırladıb və əlavə edib ki, Fransa indiyə qədər hazırlanan4 çərçivə sazişinin ətrafında və ondan doğan baza prinsiplərinin ətrafında fırlanıb.

"Həmişə də məsuliyyəti öz üzərindən ataraq, guya onlar vasitəçidirlər, mövqeləri münaqişə edən tərəflər tapmalıdırlar fəlsəfəsi ilə çıxış ediblər", - o vurğulayıb.

Hüseynli hesab edir ki, son dövrlərdə problemin həllinə həm ABŞ-ın, həm də Fransanın marağı xeyli artıb.

"Bu daha çox "Nabukko" layihəsinin reallaşdırılması ilə bağlı ola bilər. Azərbaycanda son dövrlər böyük qaz ehtiyatınn tapılması, üstəlik Türkmənistanın öz qaz ehtiyatlarını Rusiyanın vastəçiliyi olmadan Avropaya göndərmək istəyi avropalıları Azərbaycana diqqəti artırmağa məcbur edib. Bu diqqət əsasən Rusiyanın qaz diktəsindən xilas olmağa çalışan Avropa İttifaqının istəklərindən doğan bir yanaşmadır", - politoloq qeyd edib.

O, güman etdiyini bildirib ki, Azərbaycan bu bölgədə nələrin baş verdiyini gözəl başa düşür və qaz amilindən öz siyasi məqsədlərinin reallaşdırılması üçün istifadə etməyə çalışacaq.

Fransa Prezidenti Nikola Sarkozi oktyabrın 6-7-də Cənubi Qafqaz regionuna səfər edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti