...

Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin həllində din xadimlərinin nüfuzundan istifadə edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 13:11 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində bu gün istənilən nüfuz sahiblərinin imkanlarından, o cümlədən din xadimlərinin nüfuzundan istifadə etməliyik.
Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin həllində din xadimlərinin nüfuzundan istifadə edilməlidir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin həllində bu gün istənilən nüfuz sahiblərinin imkanlarından, o cümlədən din xadimlərinin nüfuzundan istifadə etməliyik. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Muradova deyib ki, əgər məqsəd münaqişəni dinc yolla həll etməkdirsə, o zaman Azərbaycan bu imkanlardan da yararlanmalıdır.

"Bu gün danılmaz faktdır ki, Qafqazın şeyxi Allahşükür Paşazadə və digər din xadimləri bir çox siyasətçilər kimi ciddi nüfuza malikdirlər. Ona görə də biz regionda ciddi münaqişə ocağı olan Dağlıq Qarabağ probleminin həllində bu nüfuzlardan istifadə etməliyik", - vitse-spiker vurğulayıb.

Noyabrın sonunda İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin iclası keçiriləcək. İclasa Rusiya və Qafqaz ölkələrinin dini liderləri ilə yanaşı, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə də dəvət olunub. İclasda Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin də iştirakı gözlənilir.

Erməni KİV-inin yaydığı məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə noyabrın 29-30-da İrəvanda səfərdə olacaq. Bu barədə bütün ermənilərin katolikosu II Qareqin bildirib.

Qaregin deyib ki, Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasına qatılacaq.

Erməni KİV-inin məlumatında o da bildirilir ki, rus patriarxının təşəbbüsü ilə İrəvanda Azərbaycan və Ermənistanın din rəhbərlərinin görüşü gözlənilir.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə açıqlamasında Paşazadənin İrəvana səfəri ilə bağlı hələlik qərar verilmədiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti