...

Bayram Səfərov: Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində şəhər salmaq ideyası böyük səhv olar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2011 18:24 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində şəhər salmaq ideyası ermənilər tərəfindən böyük bir səhv olar.
Bayram Səfərov: Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində şəhər salmaq ideyası böyük səhv olar

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərində şəhər salmaq ideyası ermənilər tərəfindən böyük bir səhv olar. Bu barədə Trend-ə cümə günü "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Bayram Səfərov bildirib ki, 100 minlik əhalisi olan şəhər salmağa Ermənistan Respublikasının ən azından iqtisadi gücü çatmaz.

"İmkanı olsaydı, öz xaraba qalan ərazilərini bərpa edərdi", - o deyib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, cümə günü Yerevan şəhərində Qarabağda 100 min nəfərlik əhalisi olacaq yeni bir şəhərin yaradılması üzrə layihənin təqdimatı keçirilib. Zəngilan rayonunun ərazisində yerləşəcək şəhərin ilkin versiyaya görə adı Baqaran olmalıdır.

İcma sədri hesab edir ki, bu ideyanı Ermənistanda yaşayanlar diaspordan pul toplamaq üçün uydurub.

"Biz sülhlə və ya müharibə ilə də olsa, öz torpaqlarımıza qayıdacağıq. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar və Azərbaycan hökuməti bu vəziyyətin davam etməsinə yol verməz", - o deyib.

"Ermənilər özləri də bilirlər ki, bu torpaq onların deyil. Dağlıq Qarabağda Azərbaycanın xeyli tarixi abidələrini, tikililərini dağıdıblar. Tikən olsaydılar, elə onları tikərdilər", - Səfərov qeyd edib.

Tikintisi planlaşdırılan şəhərdə guya Azərbaycandan köçmüş ermənilərin yerləşdiriləcəyi ilə fikirlərə münasibət bildiriən İcma sədri deyib ki, Azərbaycan kimi ölkədə yaşayan erməni heç vaxt Ermənistan diktaturasında yaşaya bilməz. "Onlar Azərbaycanda vətəndaşların istifadə etdikləri bütün insani keyfiyyətlərdən görüblər. Azərbaycan xalqı ilə birgə yaşayan erməni heç vaxt həmin yerə uyğunlaşa bilməz", - Səfərov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti