...

Fransa Senatında bir daha Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğalının yolverilməzliyi qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2011 12:20 (UTC +04:00)
Dekabrın 8-də Fransa Senatında "Fransa- ATƏT-in Minsk qrupunun həmsədri və unudulmuş Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda konfrans keçirilib.
Fransa Senatında bir daha Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğalının yolverilməzliyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Tarivediyeva/

Dekabrın 8-də Fransa Senatında "Fransa- ATƏT-in Minsk qrupunun həmsədri və unudulmuş Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinin məlumatında deyilir.

Tədbir "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi və Azərbaycan səfirliyi tərəfindən təşkil olunub.

Konfransı Senatın Beynəlxalq məsələlər komissiyasının üzvü, vasitəçi rolunda çıxış edən Natali Qule açıb.

Qule Azərbaycan tərəfinə bu tədbirin keçirilməsi ilə bağlı vaxtında və vacib təşəbbüs irəli sürdüyünə görə minnətdarlığını bildirib və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqi məlumatların Fransa ictimaiyyətinin geniş təbəqələrinə daimi olaraq çatdırılmasının vacibliyini vurğulayıb.

Senator Azərbaycan topraqlarının Ermənistan tərəfindən işğalının yolverilməzliyini qeyd edib və özünün münaqişə zonasına səfəri və ölkənin hər yerinə səpələnmiş, müharibədən zərər çəkmiş azərbaycanlı köçkünlərlə çoxsaylı görüşləri barədə məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov konfrans iştirakçılarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın rəsmi mövqeyi ilə tanış edib və ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq münaqişə tərəflərindən biri olan Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin tədbirdə iştirakının xüsusilə vacib olduğunu qeyd edib. O bildirib ki, dinc nizamlama prosesinə sadiq qalan Azərbaycan eyni zamanda münaqişə zonasında status-kvonun saxlanmasını yolverilməz hesab edir, münaqişənin hərbi mərhələsinin nəticələrinin dərhal aradan qaldırılmasını nəzərdə tutan mərhələli nizamlanmanı Ermənistanla Azərbaycan arasında möhkəm, ədalətli və hərtərəfli sülhün əldə olunmasının yeganə mümkün effektiv yolu hesab edir. Diplomatın sözlərinə görə, danışıqlar prosesinin son məqsədi sadəcə olaraq işğalçı erməni qoşunlarının təkcə Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması deyil, həm də bütün işğal altında olan ərzailərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası və bütün azərbaycanlı köçkünlərin oraya qayıtmasıdır.

Səfir Bernar Fasye ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri kimi özünün yeddiillik fəaliyyətinin tezliklə başa çatacağı barədə auditoriyanı məlumatlandırıb və ölkəsinin və ATƏT MQ-nin digər həmsədrlərinin münaqişə tərəflərinə çətin danışıqlardakı irəliləyişin əldə olunması üzrə göstərdikləri səylərin üzərində ətraflı dayanıb. Fasye danışıqlar prosesinin təkamülü və danışıqlarda ciddi irəliləyişin əldə olunması məsələsində vasitəçilər və münaqişə tərəfləri qarşısında duran çətinliklərdən danışıb.

Konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev, Azərbaycan Dövlət Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və politoloq Anar Usubov iştirak ediblər.

Fransa Milli Assambleyasındakı Fransa-Azərbaycan dostluq qrupunun sədri, deputat Jan-Lui Dümon, Fransanın Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun Analitik Mərkəzinin elmi əməkdaşı Pyer Konesa və tarixçi Antuan Konstan məruzə ilə çıxış ediblər.

Konfrans çərçivəsində "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı bu günlərdə jurnalın fransız dilində çıxan ilk nömrəsini təqdim edib.

Konfransdan sonra təşkil olunan qəbulda iştirakçılar azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə həsr olunmuş fotosərgi ilə tanış olublar. Bundan sonra isə qonaqlara Qarabağın muğam ustalarının ifasında musiqi proqramı təqdim olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti