...

RF XİN: Azərbaycan və Ermənistan Qarabağla bağlı maksimalist mövqedən uzaqlaşmağın zəruriliyini bildiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 16:49 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri bazar ertəsi Soçidə Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə maksimalist mövqedən uzaqlaşmağın zəruriliyini bəyan ediblər
RF XİN: Azərbaycan və Ermənistan Qarabağla bağlı maksimalist mövqedən uzaqlaşmağın zəruriliyini bildiriblər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan və Ermənistan prezidentləri bazar ertəsi Soçidə Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə maksimalist mövqedən uzaqlaşmağın zəruriliyini bəyan ediblər və öz mövqelərinin yaxınlaşdırılması üzrə səylərin davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.

"Tərəflər sonrakı irəliləyiş üçün - bu, göz qabağındadır - Dmitri Medvedevin dəstəyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin ifadə etdikləri kimi, maksimalist mövqelərdən uzaqlaşmağın vacibliyi barədə ümumi anlaşmanı vurğulayıblar", - Lavrov görüşün nəticələri ilə bağlı jurnalistlərə bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Rusiyalı nazirin sözlərinə görə, İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan görüş zamanı "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri layihəsində hələlik razılaşdırılmamış qalan məsələlərin bütün kompleksini" müzakirə ediblər. Prezidentlər konkret mürəkkəb mövzular üzrə fikir mübadiləsi aparıblar, işləri davam etdirmək barədə nəticə çıxarılıb.

"Görüş iştirakçıları ümumi prinsiplər üzərində işləri sürətləndirməyə və daha sonra bu baza üzərində hüquqi sülh razılaşmasının hazırlanmasına keçməyə hazır olduqlarını ifadə ediblər", - Rusiya XİN rəhbəri deyib.

O, Rusiyanın vasitəçi və ATƏT-nin Minsk qrupu "üçlüyü"nün (Rusiya, Fransa,ABŞ) üzvü kimi "tərəflərin mövqelərinin yaxınlaşması üzrə səyləri davam etdirəcəyi"ni vəd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti