Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir M.Əliyev/
Rusiyanın paytaxtı Moskvada çərşənbə günü Azərbaycan və Ermənistan ziyalılarının görüşü keçirilib.
Görüşdə iştirak edən Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Trend-ə bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həll edilməsi yolları müzakirə olunub.
Kərimi görüşün təfərrüatları barədə Azərbaycan nümayəndə heyətinin Vətənə dönəndən sonra geniş məlumat verəcəyini bildirib.
Ziyalıların görüşündə Azərbaycan nümayəndə heyətinin tərkibinə Kərimidən başqa, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə daxildir.
Görüş Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə keçirilib.
Bundan başqa görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan da iştirak ediblər.
Bu, Azərbaycan və Ermənistan ziyalılarının sayca üçüncü görüşüdür.