...

Qarabağ münaqişəsinin açılmalı "düyün"ü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 10:00 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri ərəfəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca vəziyyət xeyli gərginləşdi.
Qarabağ münaqişəsinin açılmalı "düyün"ü

Arzu Nağıyev - Trend-in icmalçısı

ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri ərəfəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca vəziyyət xeyli gərginləşdi. Ermənistan ordusunun iyunun 5-də Azərbaycan Ordusunun şimal-qərb istiqamətindəki mövqelərinə diversiya həmləsi nəticəsində ordumuz ağır itki verdi. Baş verən atışmada 5 əsgərimiz şəhid oldu. Təbii ki, düşmən də itki verdi və basqını həyata keçirən qrupun çoxlu sayda üzvü öldürüldü, qalanları yaralandı.

Cəbhədəki son və mütəmadi baş verən bu hadisələr bir daha sübut edir ki, münaqişə heç də başa çatmaq üzrə deyil və get-gedə geniş miqyas alır, həlli mürəkkəbləşən böyük problemə çevirilir. Mövcud vəziyyət davam etdikcə isə, hər iki tərəfdən gənclər məhv edilir, əsgər ailələrinə bədbəxtlik nəsib olur.

Bəs çıxış yolu nədədir? Torpaqlarımızı azad etmək üçün yollar axtarmaq, mövcud vəziyyətdən yararlanmaq, yoxsa son qərar kimi müharibə yolunu seçmək? Bunun üçün Ermənistana beynəlxalq təzyiqlər edilməlidir. Yəni işğal altında olan əraziləri ermənilərdən geri almaq, İşğalçı ordunu oradan çıxmağa məcbur etmək lazımdır. Ancaq necə? Belə nəticəyə gəlmək olar ki, mövcud şəraitdə bunu ABŞ, Rusiya və Avropa İttifaqının bütün üzvləri istəməli və istənilən şəkildə Ermənistana təzyiq göstərməlidirlər.

Bu münaqişənin 25 il əvvəl baş verməsi və indiyə qədər həllini tapmaması, ilk növbədə, avropalılar tərəfindən unudulmaya gətirib çıxarıb, demək olar ki, Avropada baş verən bütün lokal münaqişələr öz həllini qismən və ya bütövlüklə tapıb. İkincisi, dünyada təsir gücünə malik erməni diasporunun münaqişənin bu cür həllinə razı olmasını təsəvvür etmək çətindir, digər tərəfdən isə Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya bu ərazinin itirilməsi azərbaycanlılar tərəfindən qəbul edilməsi mümkün olmayan bir şərtdir. Heç kim Azərbaycana bu təzyiqi etməyəcək və edəcəyi halda da izahını aydınlaşdıra bilməyəcək. ATƏT-in missiyası dəfələrlə toplaşaraq məsələnin sülh yolu ilə həll edilməsini məsləhət görür. Ayrılıqda isə istər Rusiya, istərsə də Minsk qrupunun digər üzvləri olan fransızlar və amerikalılar üçün bu münaqişənin həllində xüsusi rol oynamaları, strateji əhəmiyyətli regionda vacib bir iştirakçıya çevrilmələri deməkdir.

Demək, status-kvonun dəyişməsinə və münaqişənin həllinə çalışan və bunun marağında olan ölkə tək Azərbaycandır. Başqa cür təsəvvür etmək də çətindir. Rusiya hər iki tərəfə yararlanmaq istəsə də, Ermənistanı özünə tarixi və uzunmüddətli müttəfiq seçib, demək olar ki, ruslarsız ermənilər heç öz dövlətlərini yarada da bilməzdilər. Digər tərəfdən isə ruslar Dağlıq Qarabağa görə Azərbaycanla münasibətini kəsmək fikrində deyil. Çünki Azərbaycan bu gün Rusiyadan yan keçməklə qazını və neftini alternativ yolla Avropaya çatdıra bilir və Xəzər regionunda enerji nəhəngidir, özünün müstəqil enerji siyasəti olan bir dövlətdir, eyni zamanda, birgə enerji resursları üçün nəqliyyat dəhlizinə malik, NATO-nun üzvü olan Türkiyə ilə çoxşaxəli münasibətləri var.

Belə nəticəyə gəlmək olar ki, güc hesabına Azərbaycana təsir etmək mümkün deyil və əvvəl-axır müəyyən bir kompromis tapılmalı və milli maraqlar da nəzərə alınmaqla, qarşılıqlı güzəşt nəticəsində sülhə nail olunmaqla bu "düyün" açılmalıdır. Digər halda, gündəlik xülasə və xəbərlərdə hər iki tərəfdən itkilərin olduğu haqqında məlumatlar yayılmaqda davam edəcək.

Xəbər lenti

Xəbər lenti