...

Dövlət Komissiyası: Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbiçisi ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2012 13:00 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərinin azad olunması istiqamətində zəruri tədbirlərə başlayıb.
Dövlət Komissiyası: Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan hərbiçisi ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend müxbir K.Zərbalıyeva/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərinin azad olunması istiqamətində zəruri tədbirlərə başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, iyulun 26-da Ermənistan hərbiçiləri tərəfindən əsir götürülmüş 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ilə bağlı məlumat əldə edildikdən dərhal sonra Komissiya zəruri tədbirlərin görülməsinə başlayıb, aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsindən daxil olmuş məlumata görə, bu qurumun Ermənistandakı nümayəndəliyi məsələ ilə bağlı müvafiq işləri həyata keçirir.

Komissiya Fərəcovun əsir götürülməsindən sonra kütləvi informasiya vasitələrində əsirin ailəsi ilə bağlı yayılan məlumatların onun əsirlikdən azad olunması istiqamətində görülən işlərə zərər verəcəyindən narahatdır.

Komissiyadan bildirilib ki, yerli KİV Fərəcovun ailəsinə məxsus şəxsi məlumatları, onların özləri ilə razılaşdırmadan, heç bir əlavə yoxlama və dəqiqləşdirmə aparmadan yayıblar.

"Bəzi KİV-lər isə daha da irəli gedərək əsir götürülmüş əsgərin atasının hərbiçi olduğunu, hətta daşıdığı hərbi rütbəni və xidmət etdiyi qoşun növünü belə diqqətə çatdırıblar. Bu cür KİV-lər bu tip məlumatları yayarkən görəsən düşmənə gərəkli məlumatları verdiklərinin və bu məlumatın əsir götürülmüş əsgərin və onun ailəsinin həyatı üçün hansı nəticələri verəcəyinin fərqindədirlərmi? Digər bir KİV isə guya, Fərəcovun ailə üzvlərini evdə tapmadıqlarını və buna görə də qonşulardan müsahibə aldıqlarını bildirib və "qonşuların" verdiyi ifadələri məlumat qismində yayıb. Ailə ilə söhbət zamanı onlar heç bir jurnalistlə görüşmədiklərini və qəzetdə adıçəkilən qonşularının olmadığını bildiriblər", - Komissiyadan bildirilib.

Dövlət Komissiyası bəyan edir ki, bu cür məlumatların hər cəhdlə ictimaiyyətə açıqlanması hər şeydən öncə insan hüquqlarının və beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır.

Dövlət Komissiyası bir daha bəyan edir ki, əsir-girovların, o cümlədən Firuz Fərəcovun azad olunması istiqamətində fəaliyyət göstərən yeganə qurum kimi zəruri tədbirləri görür və bu barədə məqbul sayılan vaxtda və həcmdə məlumatlar yayır.

Komissiya KİV-də bu problemlə bağlı məlumatları yayarkən ümumi maraqlardan çıxış etməyi, yoxlanılmamış və əsası olmayan, xüsusən də şəxsə və ailəyə məxsus informasiyaların işıq üzü görməsinə yol verməməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti