Azərbaycan, Bakı, 24 dekabr /Trend/
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin başlıca səbəblərindən biri Rusiya Federasiyasının da həmsədri olduğu Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşündə bildirib. Trend-in xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Azərbaycanın müdafiə naziri qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran seperatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaratdı və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.
Məlumata görə, həmçinin görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.