...

Azərbaycanın işğal altında olan rayonu ilə bağlı kompüter oyunu hazırlanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2013 12:50 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən "Müasir gənclik və İKT sahəsində innovasiyalar" adlı dəyirmi masa keçirilib.
Azərbaycanın işğal altında olan rayonu ilə bağlı kompüter oyunu hazırlanır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən "Müasir gənclik və İKT sahəsində innovasiyalar" adlı dəyirmi masa keçirilib.

Trend-in xəbərinə görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev xatırladıb ki, bu il Azərbaycanda "İnformasiya-kommunikasiya ili" elan olunub. Azərbaycanda bütün sahələr üzrə İKT-nin tətbiq olunduğunu deyən nazir müavini qeyd edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ayrı-ayrı bəndlərində də yeni texnologiyaların tətbiqini nəzərdə tutan bəndlər var.

"Proqramda Milli Kompüter oyunlarının hazırlanması öz əksini tapıb. Ötən il "İşğal altında - Şuşa" adlı kompüter oyunu yaradılıb. Bu il isə "İşğal altında 2-Ağdam" kompüter oyunu hazırlanır. Bu il yay aylarında isə beynəlxalq şirkətlə birlikdə ingilis, rus və Azərbaycan dillərində "Odlar yurdu" adlı ikinci kompüter oyunu təqdim olunacaq", - Babayev deyib.

Nazir müavini qeyd edib ki, hazırda ölkə gəncliyi sosial şəbəkələrdən geniş istifadə edir.

"Arzu edərdik ki, internetdən istifadə səmərəli və keyfiyyətli olsun. Azərbaycan gəncliyi Qarabağ həqiqətlərini dünyaya, həmyaşıdlarına çatdıra bilsinlər", - Babayev bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov isə qeyd edib ki, hazırda nazirliyin "E-xidmətlər" portalına 40 dövlət qurumu qoşulub. Nazirlər Kabineti tərəfindən təsdiq olunan 417 xidmət növündən 118-i portala inteqrasiya olunub. Yanvar ayında portala daxil olmaların sayı 32 minə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti