Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/
Bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri 705 dəfə atəşkəs rejimini pozub, hər ki tərəfdən itkilər olub. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrə baş çəkdikdən sonra səhra-döyüş şəraitində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, düşmən atəşkəsi Ağdam, Füzuli, Xocavənd, Goranboy istiqamətində daha intensiv şəkildə pozub. Bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub.
"Bundan əlavə, təmas xətti boyunca ATƏT sədrinin şəxsi nümayəndəliyinin mandatına uyğun olaraq 9 dəfə monitorinq keçirilib", - o deyib.
Sabiroğlu qeyd edib ki, hər dəfə monitorinqin keçiriləcəyi haqqında məlumatlar yayıldıqda ermənilər cəbhə xəttində aktivlik nümayiş etdirirlər.