Azərbaycan, Bakı, 8 may /Trend/
BMT Təhlükəsizlik Şurasının mayın 7-də keçirilmiş iclasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Şura üzvləri qarşısında brifinqlə çıxış edib.
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə ATƏT-in hərbi-siyasi, iqtisadi, ətraf mühit və humanitar sahələrində Ukrayna sədrliyinin prioritetləri barədə danışan Kojara rəhbərlik etdiyi təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin etibarlı tərəfdaşı adlandırıb. Nazir ATƏT məkanında mövcud olan münaqişələrin həlli proseslərində irəliləyiş əldə etməyin Ukraynanın gündəliyində ən yüksək yer tutan vəzifə olduğunu bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Leonid Kojara ATƏT-in Ukrayna sədrliyinin münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb və iyun ayında Cənubi Qafqaz bölgəsinə edəcəyi səfər zamanı danışıqlarda fəallığın artırılmasına çağırış edəcəyini bəyan edib.
ATƏT sədrinə cavab olaraq, Təhlükəsizlik Şurasının üzvü kimi çıxış etmiş Azərbaycan nümayəndəsi Ukrayna sədrliyinin ATƏT məkanında münaqişələrin həlli məsələsinə ciddi diqqət yetirdiyinə görə təqdir edib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin Ermənistanın işğalı altında qalması faktına diqqət çəkərək, münaqişə ilə bağlı ən nüfuzlu və öhdəlikli qüvvədə olan qərarlar hesab edilən 1993-cü ildə Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Azərbaycana qarşı hərbi gücün tətbiq edildiyini və bu hərəkətin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu tanıdığını bildirib.
Azərbaycan nümayəndəsi Təhlükəsizlik Şurasının əsas tələblərinin yerinə yetirilmədiyini və ATƏT çərçivəsində iyirmi ildən artıq müddət ərzində aparılan vasitəçilik səylərinin hələ də heç bir nəticə vermədiyini təəssüflə qeyd edib. Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətini azaltmaq və beynəlxalq hüququn norma və prinsiplərini məqsədyönlü şəkildə təhrif etmək cəhdləri, habelə onun reallıqdan uzaq ilhaqçı iddiaları münaqişənin həlli prosesinə açıq təhdid, beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə törədir. Bundan əlavə, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan ərazilərində işğal vəziyyətini daha da gücləndirmək və 700 mindən çox azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmasının qarşısını almaq məqsədilə davamlı şəkildə tədbirlər görür.
Azərbaycanın BMT-də təşəbbüsləri əsasında 2005 və 2010-cu illərdə ATƏT-in fakt araşdırıcı missiyaları işğal edilmiş ərazilərə səfər edərək, orada qanunsuz fəaliyyətlərin, o cümlədən digər yerlərdən gətirilən əhalinin məskunlaşdırılması, inzibati sərhədlərin və ərazi adlarının dəyişdirilməsi, mədəni və dini abidələrin dağıdılması faktlarını aşkar edərək sənədləşdirib. Lakin bu missiyaların tövsiyələri kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə köçürülməsi və bu ərazilərə uçuşların təşkil edilməsi kimi qanunsuz fəaliyyətlər Ermənistanın Azərbaycan torpaqlarının məqsədyönlü şəkildə müstəmləkələşdirilməsi siyasətinin bariz nümunəsidir. Bu faktlara istinad edən Azərbaycan nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişənin danışıqlar yolu ilə və beynəlxalq hüquqa əsaslanan həllini ciddi şəkildə əngəlləyən bütün hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasına israr edəcəyinə ümid etdiyini xüsusilə qeyd edib.
Azərbaycan nümayəndəsi daha sonra bildirib ki, sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün ilk növbədə Ermənistanın qanunazidd şəkildə güc tətbiq etməsinin nəticələri aradan qaldırılmalı, beləliklə də Azərbaycanın məcburi köçkünlərinin öz evlərinə geri dönmək və öz mülklərini geri qaytarmaq hüquqları təmin edilməlidir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri məhz bunu tələb edir və bu, münaqişənin həlli prosesində alver obyekti kimi təqdim edilməməlidir. O, Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcəyini qəti şəkildə bəyan edib.
Münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı fikirlərini davam etdirən Azərbaycan nümayəndəsi münaqişə zamanı beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi pozulması hallarına münasibətdə həqiqətin müəyyən edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, cinayətkarların, o cümlədən Ermənistanın siyasi və hərbi rəhbərləri və Azərbaycanın işğal edilmiş ərazilərindəki oyuncaq separatçı rejimin üzvlərinin cəzasız qalması iki ölkə arasında sülh və barışın bərqərar edilməsinə maneədir. Milli səviyyədə və mövcud beynəlxalq hüquqi çərçivədə görülən davamlı tədbirlərin münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunmasına xidmət edəcəyinə dair əminlik ifadə edilib.
Çıxış edən Təhlükəsizlik Şurasının digər üzvləri ATƏT məkanında həlli uzanmış münaqişələrin mövcudluğunun qəbuledilməz olduğunu və onların beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin əsasında həllinin vacibliyini vurğulayıblar.