Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başlanğıc parametlərinin müəyyən olunması prosesinə start verilməlidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, yenilənmiş Madrid Prinsiplərinin reallaşmamasının səbəbi Serj Sarkisyanın antirusiyaçılığı və onun bu antirusiyaçılığının ABŞ tərəfindən dəstəklənməsidir: "ABŞ-ın Qarabağ məsələsində ermənilərə verdiyi dəstəyin əsas hissəsi Rusiyadan gəlib. ABŞ-ın Rusiya üzərində olan təsirinin böyük bir qismi ermənilər üzərində qurulub. Ona görə də bir-birinə əks prizmalarda ABŞ bu mexanizmdən istifadə edir. 2009-cu ildə Ermənistan yenilənmiş Madrid Prinsiplərinə "hə" dedi. Yenicə hakimiyyətə gəlmiş Sarkisyan 2008-ci ilin martın 1-də tökülən qanlara görə qorxu içərisində idi".
Əhmədoğlu qeyd edib ki, ona görə də Dağlıq Qarabağ məsələsini həll etməklə Qərbin təzyiqlərini neytrallaşdıracağını düşünürdü: "Lakin ABŞ-ın o zaman Ermənistandakı səfiri, hazırda ABŞ Dövlət Departamentində Cənubi Qafqaz üzrə mühüm vəzifədə çalışan xanım Marie Yovanoviç buna imkan vermədi. O, Serj Sarkisyandan Ermənistanı Rusiyanın təsirindən çıxaracağına dair qəti təminat aldıqdan sonra Sarkisyanın Qərbdə imicini möhkəmlətdi".
Politoloqun sözlərinə görə, eyni zamanda, səfir Yovanoviç Ermənistanın daxili siyasi strukturunu dəyişdirdi. Sarkisyana müqavimət göstərmək, hakimiyyəti ondan almaq gücündə olan müxalifəti dağıtdı, qərbpərəst müxalifəti gücləndirdi: "Nəticədə Sarkisyan prezident kürsüsündə özünü daha əmin hiss etdi və Qarabağ tənzimlənməsindən yayındı, Türkiyə ilə riskli, lakin şantaj xarakterli oyuna getdi, Rusiyanın regiondakı maraqlarını nüfuzdan salmaq istiqamətində fəaliyyətə başladı".
Əhmədoğlu qeyd edib ki, əgər ABŞ o zaman Sarkisyana dəstək verməsəydi, onun antirusiyaçılığında maraqlı olmasaydı, indi regionda təhlükəsizlik indeksi daha yüksək idi.
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi rusların bir imperiyasını dağıdıb, hazırda mövcud olan dövlətlərini də parçalamaq istiqamətində enerji kumulyasiyası ilə məşğuldur: "Rusiya dövlətini parçalamaq istiqamətindəki enerji kumulyasiyasında Ermənistana Qərblə yanaşı, Rusiya da kömək edir. İndinin özündə də diaspor təmsilçiləri Qərbə təlqin edirlər ki, SSRİ-nin dağılması ermənilərdə Dağlıq Qarabağ münaqişəsindən başlayıb. Qərbdə hələ də güclü dayağı olan ermənilər Azərbaycan torpağının və Rusiya siyasətinin 20 faizini işğal ediblər".