...

Elnur Aslanov: Ermənistan danışıqlar masası üzərində olan təkliflərlə razılaşsaydı vəziyyət dəyişərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 13:46 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri və digər dövlət təmsilçiləri və rəhbərlərinin sülhə çağırış bəyanatları Ermənistan tərəfindən fərqli şəkildə qəbul olunur.
Elnur Aslanov: Ermənistan danışıqlar masası üzərində olan təkliflərlə razılaşsaydı vəziyyət dəyişərdi

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri və digər dövlət təmsilçiləri və rəhbərlərinin sülhə çağırış bəyanatları Ermənistan tərəfindən fərqli şəkildə qəbul olunur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Aslanov bildirib ki, Azərbaycan 20 ildən artıq bir müddətdir ki, Ermənistanın işğalı ilə üz-üzə qalmış bir ölkədir: "Artıq 20 ildən artıq bir müddətdir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması haqqında qətnaməsi həyata keçirilimir. Bu, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnaməsinə, beynəlxalq hüquqa, ədalətə və ümumilikdə bölgədə siyasətə olan münasibətidir. Bu siyasət qeyri-konstruktivliyi ilə seçilir və bu siyasət Cənubi Qafqazın sosial-iqtisadi tənəzzülünə səbəb ola biləcək amillərdən birinə çevrilə bilərdi".

PA rəsmisi qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan 20 ildə öz inkişafında uzun bir yol keçdi:

"Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən böyükdür. Bu gün Ermənistanın iqtisadi vəziyyəti onunla səciyyələnir ki, ölkəni ildə 100 minə qədər adam tərk edir, Ermənistanın bugünkü iqtisadi vəziyyəti 90-cı illərin əvvəlindəki iqtisadi vəziyyətə bərabərdir və bu da bilavasitə həmin dövlət rəhbərlərinin münaqişə ilə bağlı tutduğu qeyri-konstuktiv siyasətin nəticəsidir. Həmin o siyasətin ki, bu gün bölgədə milyonlarla insanı qaçqın vəziyyətində saxlayır".

Aslanov deyib ki, Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkündürsə, Ermənistanda milyondan artıq insan çox çətin, çox acınacaqlı sosial-iqtisadi durumda yaşayır: "Və bunun sonu görünmür. Bunun sonu yalnız o zaman ola bilər ki, Ermənistan Dağlıq Qarabağ ərazilərindən və onun ətrafında işğal olunmuş bölgələrdən öz qoşunlarını çıxarsın, Azərbaycanın ərazilərini boşaltsın və bugünkü siyasəti də bölgədə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlsin. Əfsuslar olsun ki, biz bunun şahidi ola bilmirik".

PA rəsmisinin sözlərinə görə, əgər Ermənistan danışıqlar masası üzərində olan təkliflərlə razılaşsaydı, sülhə çağırışları status-kvonun uzadılması kimi başa düşməsəydi, təbii ki, vəziyyət dəyişərdi:

"Amma çox təəssüflər olsun ki, Minsk qrupu həmsədrlərinin və digər dövlət təmsilçilərinin və rəhbərlərinin də sülhə çağırış bəyanatları Ermənistan tərəfindən fərqli şəkildə qəbul olunur. Ermənistan bu məsələni status-kvonun uzadılması, mövcud vəziyyətin davam etdirilməsi kimi qələmə verir və belə başa düşürlər ki, sülhə çağırışlar o deməkdir ki, Azərbaycan başqa variantlara əl atmayacaq. Halbuki istər beynəlxalq hüquq, istərsə də digər prinsiplər Azərbaycan torpaqlarının geri qaytarılması üçün hər bir zaman bizə digər imkanlardan istifadə etmək şansı verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti