...

Firudin Sadıqov: Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş ermənilərin sayını hələ də dəqiq bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 18:11 (UTC +04:00)
Təəccüb doğuran məqam ondadır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş ermənilərin sayını hələ də dəqiq bilməyən, yaxud da bilməkdə maraqlı olmayan Ermənistanın müvafiq dairələri indi "itkinlər günü"nü qeyd edir.
Firudin Sadıqov: Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş ermənilərin sayını hələ də dəqiq bilmir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Təəccüb doğuran məqam ondadır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş ermənilərin sayını hələ də dəqiq bilməyən, yaxud da bilməkdə maraqlı olmayan Ermənistanın müvafiq dairələri indi "itkinlər günü"nü qeyd edir.

Trend xəbər verir ki, bunu bu il iyunun 29-da Ermənistanda keçirilmiş "itkinlər günü" ilə bağlı bir sıra suallara elektron qaydada aydınlıq gətirən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi ictimai rəyə hesablanıb və onların niyyəti sadə ermənilərdə "itkinləri axtarırıq" fikrini formalaşdırmaqdır. Belə ki, son bir neçə il ərzində Ermənistan KİV-ə nəzər saldıqda erməni itkinlərin sayı barədə Ermənistan rəsmilərinin söylədiyi müxtəlif rəqəmlərə rast gəlmək olar:

"Misal üçün, onlar itkin ermənilərin sayını 2011-ci ildə bütövlükdə 200-dən artıq, sonra Ermənistan üzrə 200, Qarabağ üzrə 700-dən artıq, 2012-ci ildə Ermənistan üzrə 407, Qarabağ üzrə 449 kimi göstəriblər. Barəsində söhbət gedən son "tədbir"də isə daha gülməli fikirlər səslənmişdir. Bir məlumatda Ermənistan üzrə 400, bütövlükdə 1000 nəfərdən artıq, digər məlumatda isə Qarabağ müharibəsində 950 erməninin itkin düşdüyünü, onlardan 400 nəfərinin hərbçi, digərlərinin isə Ağdərə (Mardakert) rayonunun mülki şəxsləri olduğunu yazmışlar. Bu nə deməkdir? Ümumiyyətlə, bu rəqəmlərin və fikirlərin hansına inanasan, həqiqət haradadır? Belə çıxır ki, münaqişə zamanı yalnız bir rayonun mülki əhalisi itkin düşmüşdür? Əslində bunlar heç təəccüblü də deyil. Ona görə ki, Ermənistan Dövlət Komissiyasının işçi qrupu 2006-cı ilin yayından fəaliyyətə başlayıb. Yəni münaqişənin başlamasından 18 il sonra. Bu onu göstərir ki, əslində Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış bu humanitar problem onları maraqlandırmır və sadəcə görüntü yaratmaq və gündəmdə qalmaq üçün hər səhər bir rəqəm söyləyirlər".

İşçi qrupunun rəhbəri qeyd edib ki, 2004-cü ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komissiyası (BQXK) tərəfindən Dövlət Komissiyasına "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş erməni mənşəli mülki şəxslərin və hərbçilərin əlifba üzrə siyahısı" adlı siyahı təqdim edilib. Azərbaycan tərəfi bu siyahıda adları keçən şəxslərin axtarışı üzrə zəruri tədbirləri həyata keçirib:

"Bu siyahıda 414 erməninin adı keçir. Dövlət Komissiyasında aparılmış təhlil zamanı müəyyən edilmişdir ki, 414 nəfərdən 23 nəfəri Ermənistan ərazisində, 2 nəfəri Gürcüstan ərazisində itkin düşüb və əslində onların münaqişəyə heç bir aidiyyəti yoxdur. Bundan başqa, 414 nəfərdən 211-i Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşamış ermənilər - yəni Azərbaycan Respublikasının vətəndaşları, 197-si Ermənistan Respublikasının vətəndaşları, 3-ü Gürcüstan, 2-si Rusiya, 1 nəfər isə İran İslam Respublikası vətəndaşıdır."

İşçi qrupunun rəhbəri bir məqama da diqqət yetirməyi vacib sayır:

"Münaqişə zamanı itkin düşmüş hər iki tərəfə aid şəxslərin böyük əksəriyyəti məhz Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində itkin düşmüşlər. Axı bu ərazilər Ermənistan hərbçilərinin nəzarətindədir. Demək, orada axtarış aparmaq ermənilər üçün daha asandır. Maraqlıdır ki, itkinlərə aid müxtəlif və qeyri-dəqiq rəqəmlər söyləyən ermənilər onlara aid etdikləri günün də adını müxtəlif cür - bir yerdə "Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüşlər", digər yerdə "İtkin düşmüş hərbçilərin xatirə" günü kimi yazırlar. Bu məqam isə belə günün rəsmi təsis edilməsini də şübhə altına alır".

Sadıqovun sözlərinə görə, BQXK 2001-ci ildə Ermənistanda baş çəkdiyi əsir və girovluqda olan 50 nəfər azərbaycanlının siyahısını Dövlət Komissiyasına təqdim edib. Sonradan həmin şəxslərdən 17 nəfərinin meyiti qaytarılsa da, 33 nəfərin taleyi qaranlıq qalıb. Halbuki, bu şəxsləri BQXK-nın əməkdaşları öz gözləri ilə görüblər:

"İndi mən Ermənistanın hakimiyyət dairələrindən soruşuram. Bu 33 azərbaycanlı haradadır və onların sonrakı taleyini hansı məqsədlə gizlədirsiniz? Artıq Ermənistanın hakimiyyət dairələri bizim faktlardan yayınmaq üçün müxtəlif variantlara əl atırlar. Hətta evindən çıxıb geri qayıtmayan ermənilərin belə, guya Azərbaycan tərəfindən əsir-girov götürüldüyü barədə sərsəm iddialarla çıxış edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti