...

Azərbaycanda minadan zərər çəkənlərə kreditlər veriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) baş qərargahında "Azərbaycanda Minadan Zərərçəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikrokreditlər Fondu Layihə"sinin 3-cü fazasının başlanması üzrə sənədin imzalanma mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasim zamanı "Azərbaycan cəmiyyətində mina qurbanlarının və onların ailələrinin sosial-iqtisadi reinteqrasiyası" layihə komponentinin həyata keçirilməsi mövzusunda ANAMA və BMT-nin İnkişaf Proqramı (UNDPİ) arasında "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiyası" Proqramı çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

ANAMA-nın direktoru Nazim İsmayılov bildirib ki, imzalanmış memorandum minalardan zərər çəkənlərə kiçik kreditlərin verilməsini nəzərdə tutur: "Layihə çərçivəsində Ağcabədi, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarından, ümumilikdə 40 nəfər minadan zərərçəkən mikrokreditlərlə təmin olunacaq. Layihə 15 ay müddətinə davam edəcək".

BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi cənab Antonius Broek qeyd edib ki, UNDPİ ilə ANAMA arasında əməkdaşlıq 1999-cu ildən başlayıb. Bu gün imzalanan sənəd növbəti mərhələni əhatə edir və ANAMA-nın minatəmizləmə imkanlarının genişləndirilməsini, o cümlədən minalardan zərər çəkənlərə və onların ailələrinə yardımın göstərilməsini nəzərdə tutur: "Layihə yalnız onlara pul ayırmaqla bitməyəcək, onlara biznesin təşkil olunması, marketinq və mühasibatlıq və s. sahələrdə müəyyən təlimlər də keçiriləcək. UNDPİ və ANAMA tərəfindən maliyyələşdirilən bu layihədən ailə üzvləri ilə birgə təxminən 160 nəfər öz töhfəsini alacaq. Bu məqsədlə 136 min 100 ABŞ dolları vəsait ayrılacaq."

Layihənin icraçısı "Çıraq" ictimai birliyidir.

ANAMA-nın gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, adıçəkilən sənədin imzalanması, eləcə də həyata keçirilən layihələr ANAMA-nın dünyadakı nüfuzunu daha da artıracaq.

Onun fikrincə, münaqişədən zərər çəkən insanlara yardımın göstərilməsi və onların sosial-iqtisadi cəhətdən dəstəklənməsi çox önəmlidir. Bu məqsədlə BMqT Azərbaycanda 2007-ci ildən bəri 140 nəfərin davamlı gəlir etməsini təmin etmək üçün layihələr həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti