Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Əhmədova/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasını sülh və sabitliyin bərqərar olmasına mane ola biləcək məsələlərdən azad etmək lazımdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin "France24" telekanalına müsahibəsində bildirib.
E.Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasında əsas problem Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qalmasıdır:
"Qondarma "Dağlıq Qarabağ respublikası"nı heç kim tanımır, hətta ermənilərin özləri də. Beynəlxalq təhlükəsizlik üzrə ən böyük təşkilat olan BMT-nin Təhlükəsizlik Şurası bu münaqişəyə dair dörd qətnamə qəbul edib və həmin dörd qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir".
Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir:
"Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması kommunikasiyaların açılmasına, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına və gərginliyin azaldılmasına şərait yarada bilər".
O vurğulayıb ki, Azərbaycan bütün qonşuları ilə münasibətlərini yaxşı qonşuluq prinsipi üzərində qurur: "Biz dostluq, strateji cəhətdən əhəmiyyətli və qarşılıqlı hörmət əsasında əməkdaşlıq qurmağa nail olmuşuq".