...

Litva parlamentində ermənipərəst "Dağlıq Qarabağ dostluq qrupu"nun zərərsizləşdirilməsi üçün tədbirlər görülür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2013 13:04 (UTC +04:00)
Litvadakı Azərbaycan diasporu Seymdə "Dağlıq Qarabağ dostluq qrupu"nu zərərsizləşdirmək üçün qəti tədbirlər görür.
Litva parlamentində ermənipərəst "Dağlıq Qarabağ dostluq qrupu"nun zərərsizləşdirilməsi üçün tədbirlər görülür

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Litvadakı Azərbaycan diasporu Seymdə "Dağlıq Qarabağ dostluq qrupu"nu zərərsizləşdirmək üçün qəti tədbirlər görür.

Trend xəbər verir ki, barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov özünün Facebook səhifəsində bildirib.

Komitə sədrinin sözlərinə görə, bu ilin martında Litva Respublikasının Seymində 12 nəfər millət vəkili tərəfindən "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradılıb. Bundan dərhal sonra Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanas qəti etirazını bildirərək Litva Respublikası Seyminin rəhbərliyinə Azərbaycan təşkilatları adından birgə sorğu göndəriblər. Onlar həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda (Nizamnamədə) heç bir "parlament dostluq qrupunun" yaradılmasının nəzərdə tutulmadığını göstərib və Litva parlamentinin divarları arasında sözügedən qurumun hansı hüquqi əsaslarla yaradıldığını və statusu haqqında izahat verməyi tələb ediblər. Azərbaycan təşkilatlarının rəhbərləri Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq üçün optimal tədbirlərin görülməsi ilə bağlı konkret təkliflər də irəli sürüblər. Bu barədə Litva Xalqları İnformasiya Palatası (İNFORUM) İdarə Heyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Vitaliyus Karakorskisin Diasporla İş üzrə Dövlət Komitəsinə göndərdiyi məlumatda bildirilir.

Vitaliyus Karakorskisin məlumatında daha sonra bildirilir ki, Seymin sədri Vidas Gedvilas həmin sorğunun cavablandırılması və müraciətdə göstərilmiş təkliflərə Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması məsələsini Parlamentin Xarici İşlər Komitəsinə, eləcə də Hüquq və Hüquq qaydaları Komitəsinə tapşırıb.

Bu günlərdə isə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva - Azərbaycan Assosiasiyası bu ilin iyunda Seymin göstərilən komitələrindən rəsmi cavab məktublarını alıb.

Parlamentin Xarici İşlər Komitəsinin sədri, iqtidarda olan Litva Sosial-Demokrat Partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yodka tərəfindən imzalanmış məktubda göstərilir:

"Dağlıq Qarabağla parlament dostluq qrupu" onun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindən "parlamentlərarası əlaqələr üzrə işçi qrupu" qismində tanınmır. Belə ki, "parlamentlərarası əlaqələr üzrə işçi qrupları" yalnız de-yure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə də Seymin sədri rəsmi tanınmamış "Dağlıq Qarabağ Respublikasının" parlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməmişdir".

Seymin Hüquq və Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə məsələ belə konstatasiya olunur: "Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının hüquqi əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyil. Belə ki, həmin tələblərə görə, "parlamentlərarası əlaqələr üzrə qruplar" yalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə də, həmin qurum "parlamentlərarası əlaqələr üzrə qrup" olaraq qəbul edilmir və heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaqdır".

Litva Xalqları İnformasiya Palatası (İNFORUM) İdarə Heyətinin sədri Vitaliyus Karakorskisin qənaətinə görə, Seymin komitələrinin çıxardığı bu nəticələr və Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablar "Dağlıq Qarabağla parlament dostluq qrupu" ilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların və onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir.

Nazim İbrahimov qeyd edib ki, bu, Litvanın müstəqilliyi ərzində parlamentin öz səhvini etiraf etməyə məcbur olduğu ilk belə hadisədir:

"Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ötmüş 23 ildən artıq zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları müraciətdə ifadə olunmuş tənqidi fikirlərin düzgünlüyünü və irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olub. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaqdır. Qeyd olunmalıdır ki, Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupunun" ləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litva-Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, həmçinin Azərbaycanın Litvadakı təəssübkeş dostlarının dəstəyi və əzmli addımları sayəsində mümkün olub."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti