...

İsrailin daha bir şəhərində “Xocalıya ədalət” fotosərgisi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2013 11:47 (UTC +04:00)
İsrailin Netanya şəhərində “Xocalıya ədalət” adlı fotosərgi açılıb.
İsrailin daha bir şəhərində “Xocalıya ədalət” fotosərgisi açılıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

İsrailin Netanya şəhərində "Xocalıya ədalət" adlı fotosərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində 2013-cü ilin fevralında Təl-Əviv Universitetinin Diaspor Muzeyində açılan fotosərgi İsrailin digər bir böyük şəhəri olan Netanyada davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildəki fotosərgilərin təşkilini Heydər Əliyevin Fondunun və "STMEGİ" Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) həyata keçirir.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı əks etdirən sənədli fotolar Netanya şəhərinin mərkəzi kitabxanasında sərgilənir. Sərginin açılış mərasimində Netanya şəhərinin bələdiyyə üzvləri, ictimai təşkilatların rəhbərləri, müxtəlif cəmiyyətlərin təmsilçiləri, şəhər sakinləri və İsrailin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

"Azİz"in İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut tədbiri açaraq Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərindən danışıb. Arye Qut bildirib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir: "Bu fotosərgidə gordüyünüz sənədli şəkillər, dəhşətli dərəcədə dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri - Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılıb, dinc əhalisi qətliam edilib. Erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri tərk etməyə macal tapmayan əhaliyə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətə məruz qalıblar".

Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir: "Faktlar təsdiq edir ki, Xocalı şəhərinin dinc əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara təkcə azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Ohanyan, Serj Sarqsyan, habelə Robert Koçaryan və başqaları törədilmiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına beynəlxalq hüquqi, siyasi qiymət verməlidirlər".

Tədbirdə çıxış edən Netanya şəhərinin bələdiyyə üzvü, vəkil Vaqif Əliyev qeyd edib ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib: "Xocalıdakı qanlı qırğınlara həsr olunmuş bu fotosərgi məni çox sarsıtdı. Bu soyqırımın hərbi cinayət və etnik təmizləmə olmasına heç bir şübhə yoxdur".

Netanya şəhəri Bələdiyyə Şurasının üzvü, "Bizim ev Netanya" təşkilatının sədri Boris Tsirulnik də səyyar fotosərgidəki şəkilləri görüncə sarsıldığını bildirib: "Biz yəhudilər 70 il öncə Holokostu yaşadıq və düşünürdük ki, heç kim daha belə qətliamları yaşamayacaq. Fəqət 20 il öncə bu qanlı faciəni Xocalı sakinləri yaşadı. Azərbaycanlıları Holokost soyqırımını yaşamış yəhudilər hamıdan yaxşı anlaya bilər".

"İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak tədbirdə iştirak etdiklərinə görə hamıya minnətdarlığını bildirib. Spivak Azərbaycan icmasına daim diqqət yetirdiyinə və Xocalı qətliamı ilə bağlı çıxışına görə Netanya şəhər Bələdiyyə Şurasına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti