...

Mübariz Əhmədoğlu: Ermənistan diplomatları hətta diplomatlar içərisində yalan danışmaqdan çəkinmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2014 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ermənistan diplomatları hətta diplomatlar içərisində yalan danışmaqdan çəkinmirlər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu hesab edir ki, bu, təkcə erməni diplomatların həyasızlığının və düşüncə korluğunun nəticəsi deyil. Erməni diplomatları buna vərdiş veriblər. Belə ki, heç vaxt ermənilərin ən aşkar yalanları da digər diplomatlar tərəfindən təkzib olunmayıb.

Politoloq qeyd edib ki, ATƏT-in İsveçrənin sədrliyinə həsr olunmuş iclasında Ermənistanın ATƏT-dəki səfiri, Ermənistan xarici işlər nazirinin keçmiş müavini Arman Kirakosyan ağlagəlməz fikirlər səsləndirdi: "1915-ci ildə 1,5 milyon erməninin öldürülməsinin İsveçrənin 2014-cü ildəki ATƏT-ə sədrliyinə hansı aidiyyətinin olmasını yalnız Kirakosyan bilir. İsveçrə üçün "tarix" Dağlıq Qarabağ münaqişəsinin tarixindən ibarətdir. Bu məsələnin gülünclüyü həm də orasındadır ki, İsveçrə Türkiyə ilə Ermənistan arasında vasitəçilik edərkən, Sürix protokolları hazır olarkən bu mövzunu bağladı. Əgər A.Kirakosyan "erməni soyqırımı" ilə Dağlıq Qarabağ tənzimlənməsini əlaqəli şəkildə ortalığa qoyursa, bu rəsmi Yerevanın mövqeyindəki ziddiyyətin göstəricisidir. Rəsmi Yerevan üçün Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ tənzimlənməsi fərqli məsələlərdir. Ermənistanın Türkiyəyə münasibətinin ana xəttini "erməni soyqırımı" təşkil".

M.Əhmədoğlunun sözlərinə görə, erməni diplomat iddia edir ki, Helsinki Yekun aktının siyasi fəlsəfəsi "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipi üzərində qurulub: "Helsinki Yekun aktının 8-ci maddəsi "xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi"nə həsr olunub. Bu maddə Helsinki Yekun Aktında çox azsaylı maddələrdəndir ki, iki hissədən ibarətdir. Maddənin birinci hissəsi "ərazi bütövlüyü prinsipini" prioritet edir. Yalnız ikinci hissəsi xalqların öz müqəddəratını təyin edərkən bərabər olmasından danışır. O da nəzərə alınmalıdır ki, Helsinki Yekun aktının 4-cü maddəsi "ərazi bütövlüyü prinsipini" təsbit edir. Millətlərin öz müqəddəratını təyin etməsinə dair ayrıca maddə yoxdur".

Politoloqun sözlərinə görə, A.Kirakosyanın digər səhvi onun həm də rəsmi etirafıdır: "O, Dağlıq Qarabağın təkcə vətəndaş cəmiyyətinin deyil, həm də rəsmilərinin dialoqa cəlb olunmasını təklif edir. Bununla o, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun İsveçrənin ATƏT-ə sədrliyi dövrü üçün gündəlikdə olduğunu rəsmən etiraf etdi. Dağlıq Qarabağda rəsmi qurum yoxdur. Dağlıq Qarabağda erməniləri idarə edənləri ATƏT MQ de-yure yox, de-fakto idarəçilər hesab edir".

M.Əhmədoğlu əlavə edib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan özü ATƏT MQ-ni Dağlıq Qarabağ tənzimlənməsində ən mötəbər qurum hesab edir: "ATƏT MQ prizmasından B.Saakyan xüsusi səlahiyyətli bir QHT-nin rəhbəri statusundadır. Hüquqi legitim təmsilçilik yalnız Şuşa rayon İcra Hakimiyyətindədir. Dağlıq Qarabağ erməniləri əvvəlcədən mövcud olan bütün legitim strukturları dağıtdılar, əvəzində yaratdıqlarını isə beynəlxalq hüquq tanımır. O baxımdan Dağlıq Qarabağın azərbaycanlı icması və Şuşa rayon İcra Hakimiyyəti Dağlıq Qarabağ erməniləri ilə istənilən formatda danışıqları qura bilərlər".

Politoloqun sözlərinə görə, Azərbaycanın iqtisadi əməkdaşlıq, ucuz qazla bağlı təkliflərini rədd etməklə Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinə münasibətini ortalığa qoydu.

M.Əhmədoğlu əlavə edib ki, xarici işlər nazirlərinin görüşü ərəfəsində erməni ordusunda baş verənlər də Ermənistanın dinc danışıqlara hazır olmadığının göstəricisidir: "İsveçrənin ATƏT-ə sədrliyi digər sədrliklərdən fərqli olacaqdır; beynəlxalq vasitəçilik imici olan dövlətdir. O, eləcə də Ermənistanla Türkiyə arasında vasitəçilik edib, "erməni məsələsi"nə bələddir. Sürix protokolları göz qabağındadır. Sədrliyə başlamazdan əvvəl İsveçrə Ermənistan rəsmiləri ilə geniş dialoq apardı. ATƏT sədri olan İsveçrə Rusiya faktorundan qorxmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti