Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.Mehdiyev/
Ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə qısamüddətlı kursların növbəti dərsləri başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində keçirilən kurslarda Mərkəzin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov kursların keçirilməsinin məqsədlərindən danışıb.
O, qeyd edib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində də Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Kurslarda ilk olaraq E.Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", sonra isə tarix elmləri doktoru, professor Kərim Şükürov "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri" mövzusunda mühazirələr oxuyublar.
Kusların sonunda dinləyicilərə müvafiq sertifikatkarın verilməsi nəzərdə tutulub.
Aprelin 1-dən 12-dək davam edəcək kursların hazırkı dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələridir.